Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.06.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı rayonu Köçəkli kənd məscidi dini icması “Dinimiz və mənəvi dəyərlərimiz” adlı layihə çərçivəsində “Ramazan ayı və onun fəzilətləri” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Kamil Bağırov, kənd bələdiyyəsinin sədri Mirqalib Hüseynov, Köçəkli kənd tam orta məktəbinin direktoru Qafar Xəlilov, dini icma sədri Əfrahim Xəlilov, dindarlar, gənclər, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov Ramazan ayının fəzilətindən və bu ayda müsəlmanların vəhdətindən söhbət açıb.
Bələdiyyə sədri Mirqalib Hüseynov çıxışında ölkəmizin İslami dəyərlərə verdiyi yüksək qiymətdən və gənc nəslin milli-mənəvi ruhda tərbiyəsinin önəmindən danışıb.
Köçəkli kənd məscidi dini icmasının sədri Əfrahim Xəlilov ölkəmizdə dini icmalara xüsusi diqqət və qayğı göstərilməsindən məmnunluğunu ifadə edib.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, məktəb direktoru Qafar Xəlilov və  başqaları mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirin sonunda iftar süfrəsi açılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.