20.06.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
İyunun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qobustan rayonu Ərəbşalbaş kəndi “Hacı Gülmalı” məscidi dini icması “İslam həmrəyliyi din və məzhəb ayrı seçkiliyinə qarşı” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, rayon Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov, Rayon İcra Hakimiyyəti başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Solmaz Mehralıyeva, dini icmanın sədri Famiz Quliyev, dini icma üzvləri və gənclər iştirak ediblər.
İftar süfrəsi arxasında baş tutan tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli ölkəmizdəki mövcud dini durumdan, dindarlarla dövlətin vəhdətindən, eləcə də ölkəmizin dünya birliyindəki və İslam aləmindəki yerindən və rolundan danışıb.
QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev dövlətin dindarlara qayğısından və onların ibadəti üçün hər cür şəraitin yaradılmasından danışaraq, bu diqqət və qayğının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayıb.
Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, dini icmanın sədri Famiz Quliyev dövlət-din münasibətlərindən danışaraq qeyd ediblər ki, inanclı insanlara dövlət tərəfindən iftar süfrələrinin verilməsi dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunun bariz nümunəsidir.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.