Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.12.2016

Prezidentin Sərəncamı uğurla icra olunmaqdadır

Noyabrın 30-da Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab rayonu Allahqulubağı kənd məscidi dini icması tərəfindən “Dini radikalizm və onun cəmiyyət üçün təhlükələri” layihəsi çərçivəsində “Dini radikalizm və onunla mübarizə üsulları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Zərdab rayonu Məlikli kənd məscidində keçirilmiş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, Zərdab RİH başçısının Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Ellər Hacıyev, Allahqulubağı və Məlikli kənd məscidi dini icmalarının sədrləri, dini icma üzvləri və dindarlar iştirak ediblər.
Dini icmanın sədri Zakir Məmmədov dini radikalizmlə mübarizənin əhəmiyyətindən danışaraq layihənin bu məqsədə xidmət etdiyini bildirib. DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev isə dini ekstremist fəaliyyətə və radikal təsirlərə qarşı mübarizə haqqında geniş məlumat verib. Qeyd edib ki, dini radikalizm və ekstremizmlə hüquqi, iqtisadi və maarifləndirmə istiqamətlərində mübarizə aparılmaqdadır. Ekstremizmin dini, sosial və ictimai zərərləri haqqında məlumat verən Ə. Rəfiyev ölkəmizdə dini maarifləndirmə işinin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov və Zərdab RİH başçısının Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Ellər Hacıyev ölkəmizdə tarix boyunca müxtəlif dinlərin, məzhəblərin və təriqətlərin nümayəndələrinin birlikdə sülh şəraitində  yaşadıqlarını diqqətə çatdırıblar.
Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, DQİDK tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar iştirakçılara paylanılıb.