23.11.2016
Prezidentin Sərəncamı uğurla icra olunmaqdadır
Noyabrın 22-də Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab rayonu Allahqulubağı kənd məscidi dini icması tərəfindən “Dini radikalizm və onun cəmiyyət üçün təhlükələri” layihəsi çərçivəsində “Dini ekstremizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, Zərdab RİH başçısının Əlibəyli (Allahqulubağı) kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbrahim Xəlilov, bələdiyyə sədri Elçin Xəlilov, Allahqulubağı kənd məscidi dini icmasının sədri Zakir Məmmədov, dini icmanın üzvləri və dindarlar iştirak ediblər.
Dini icmanın sədri Zakir Məmmədov dini radikalizmlə mübarizənin əhəmiyyətindən danışaraq layihənin bu məqsədə xidmət etdiyini bildirib. DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev isə dini ekstremist fəaliyyətə və radikal təsirlərə qarşı mübarizə haqqında geniş məlumat verib. Qeyd edib ki, dini radikalizm və ekstremizlə hüquqi, iqtisadi və maarifləndirmə istiqamətlərində mübarizə aparılmaqdadır. Ekstremizmin dini, sosial və ictimai zərərləri haqqında məlumat verən Komitə rəsmisi ölkəmizdə dini maarifləndirmə işinin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Zərdab RİH başçısının Əlibəyli (Allahqulubağı) kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbrahim Xəlilov və DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov məruzələrində dini radikalizmin cəmiyyətdə törətdiyi fəsadlardan bəhs ediblər.
Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
.jpg)



