Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.11.2016

Prezidentin Sərəncamı uğurla icra olunmaqdadır

Noyabrın 2-də Ağstafa rayon Köçəsgər kənd 1 saylı tam orta məktəbində Dağ Kəsəmən kənd “Eyyub ağa” dini icmasının ”Tolerantlıq-radikalizmə alternativ kimi” layihəsi çərçivəsində “Məhzəblərarası dialoq” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, müəllimlər, şagirdlər, eləcə də kəndin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülnarə Musayeva dini radikalizmə qarşı mübarizədə  maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb. G. Musayeva qeyd edib ki, əsrlərdir ölkəmizdə dinlərarası münasibətlər sağlam şəkildə formalaşıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev çıxışında respublikamızda mövcud olan tolerant mühit barədə geniş məlumat verib. Şöbə müdiri dövlət-din münasibətlərinin çox yüksək səviyyədə olduğunu bildirərək, radikalizmlə mübarizə sahəsində son dövrlər ölkədə görülmüş işlərdən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Xarici əlaqəlar şöbəsinin müdir müavini Rəfi Qurbanov vurğulayıb ki,  mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz ölkəsi edib. Onun sözlərinə görə, mədəniyyətlərin və dinlərin harmonizasiyası və ənənəvi siyasəti sayəsində respublikamız həmişə müxtəlif etnosların nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanına çevrilib.
Tədbirdə, həmçinin, icmanın sədri Hüseyn Hüseynov və digərləri çıxış edərək dinə və dindarlara göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, tədbir ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Prezidentin imzaladığı Sərəncama əsasən keçirilib.