11.02.2016
Prezidentin Sərəncamı uğurla həyata keçirilir
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bərdə rayonu “Uğurbəyli” kənd məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində fevralın 11 –də “İslamda təfəkkür və radikal düşüncədən uzaq olmaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Bərdə rayonu Uğurbəyli kənd məscidində təşkil olunmuş tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları, dini icmanın sədri Səbuhi Hacıyev, Bərdə rayon İcra Hakimiyyətinin nümayəndəsi Eldəniz Səfərov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Azərbaycandakı mövcud dini durum, dövlətin dinə qayğısı, ölkəmizdə radikalizm meyillərinin yaranmasının səbəbləri barədə geniş məlumat verib.Daha sonra Bərdə rayonu Uğurbəyli kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev layihə çərçivəsində həyata keçirilmiş maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq , dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.Çıxış edən digər natiqlər, radikalizmin fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər.
Sonda tədbir iştirakçılarına dini icmalara maliyyə yardımının göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına əsasən, Komitə tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş Qurani-Kərim və “Məzhəblərarası yaxınlaşma, yardımlar və maneələr” adlı kitablar paylanılıb.
