25.08.2017
Prezidentin Sərəncamı Göyçayda uğurla icra olunur
Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonu Çərəcə kənd məscidi dini icması tərəfindən “İslam Həmrəyliyi – sülhə aparan yol” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Çərəcə kənd məscidi dini icmasının sədri Rahim Həkimov, dini icma üzvləri, Çərəcə və Çərəkə kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Çərəcə kənd məscidi dini icmasının sədri Rahim Həkimov mövzunun əhəmiyyətindən danışıb. R. Həkimov dinə və dindarlara göstərilən diqqət və qayğıya görə, dövlət başçımız cənab İlham Əliyevə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov qeyd edib ki, respublikamızda 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edilməsi dünyaya verilən sülh mesajıdır. Natiq ,eyni zamanda, onu da qeyd edib ki, İslamın təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül ideyaları həm müsəlman ümməti, həm də qeyri-müsəlmanlar üçün mühüm dəyər kəsb edir.
Daha sonra çıxış edən Çərəkə kənd məscidi dini icmasının sədri Cəlil Usubalıyev və digər natiqlər Azərbaycanın tarixin erkən dövrlərindən etibarən İslamın yayılmasında böyük rol oynadığını diqqətə çatdırıblar.
****
Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonu Yeniarx kənd məscidi dini icması tərəfindən “Müsəlman intibahının bərqərarı - İslam Həmrəyliyi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icma sədrləri, din xadimləri, ziyalılar, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər əsrlər boyunca İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi müsəlman intibahında mühüm rol oynamış Azərbaycanın bu gün də İslam dünyasının önündə gedən dövlətlərdən biri olduğunu vurğulayıblar.
Tədbirdə, eyni zamanda, etnik və dini müxtəlifliyin ölkəmizin milli sərvəti kimi dəyərləndirildiyi fikri diqqətə çatdırılıb.
Qeyd edək ki, hər iki tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.