13.01.2016
Prezidentin Sərəncamı bölgələrdə uğurla həyata keçirilir
Respublikanın regionlarında dini ekstremizm və radikalizm meyillərinin qarşısının alınması məqsədi ilə dini maarifləndirmə işi davam etdirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bərdə rayonu “Uğurbəyli” kənd məscidi dini icmasının “Dindarların radikal təsirlərindən qorunması” layihəsi çərçivəsində yanvarın 13-də “Dini radikalizmin qarşısının alınmasında ənənəvi İslam dəyərlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Bərdə rayonu Uğurbəyli kənd məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin məsləhətçisi Fuad Şirinov, dini icmanın sədri Səbuhi Hacıyev, Bərdə rayon İcra Hakimiyyətinin nümayəndəsi Eldəniz Səfərov, QMİ-nin Bərdə rayonu üzrə səlahiyyətli nümayəndəsi, Bərdə şəhər “Cümə” məscidinin axundu Ramazan Hüseynov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bərdə rayonu Uğurbəyli kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev layihə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, ölkə başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Daha sonra din xadimləri və ziyalılar mövzu ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüblər. Çıxış edən natiqlər radikalizmin fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər.
Tədbirin sonunda dini icmaya ayrılmış maliyyə yardımının hesabına çap edilmiş müqəddəs kitabımız “Qurani-Kərim”in Azərbaycan dilinə tərcümə edilmiş variantı və digər dini ədəbiyyatlar tədbir iştirakçılarına paylanıb.
Xatırladaq ki, bu tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.