14.04.2013
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir (Foto)
Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.
Dövlətimizin başçısı iclasda çıxış etmişdir.
Prezident İlham Əliyevin giriş nitqi
- Nazirlər Kabinetinin bugünkü iclasında biz ilin birinci rübünün sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik.
Keçən ilin yekunları çox müsbət idi. Keçən il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edirdi. Ölkə qarşısında duran bütün əsas vəzifələr icra edilmişdir. İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan işlər də yüksək səviyyədə idi. Yəni, keçən ilin yekunları bu ilin inkişafına da möhkəm zəmin yaratmışdır.
Azərbaycanda iqtisadi islahatlar uğurla aparılır, davam etdirilir. İslahatlar artıq gözəl nəticələrə gətirib çıxarır və bu baxımdan 2013-cü il də keçən illərdən fərqlənmir. Ancaq hesab edirəm ki, biz 2013-cü ildə keyfiyyətcə daha da böyük nəticələr görəcəyik. Ümid edirəm ki, 2013-cü il xüsusilə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında rekord ili olacaqdır.
Bildiyiniz kimi, iqtisadiyyatın şaxələndirilməsi məsələsi bizim üçün iqtisadi sahədə əsas prioritetdir. Xüsusilə enerji sektorunda görülmüş işlər nəticəsində demək olar ki, bütün hədəflərin təmin edilməsi şəraitində qeyri-neft sektorunun inkişafı təbii ki, prioritet olmalıdır. 2013-cü ilin birinci rübündə iqtisadi inkişaf özünü bir daha göstərdi. Xüsusilə qeyri-neft sektorundakı inkişaf məni çox sevindirir.
Bu ilin birinci rübündə ümumi daxili məhsul 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu, çox yaxşı göstəricidir. Biz bu artımı qeyri-neft sektorunun hesabına əldə etmişik. Bu ilin birinci rübündə qeyri-neft sektorunun inkişafı 11,4 faiz olmuşdur. Yəni, bu, hesab edirəm ki, bugünkü Azərbaycan iqtisadiyyatını təhlil etmək üçün əsas göstərici olmalıdır. Çünki əvvəlki dövrlərdə də, bu gün də Azərbaycanın iqtisadi inkişafını təhlil edənlər bəzi hallarda bu inkişafı neft-qaz amili ilə bağlayırlar. Şübhə yoxdur ki, ilk illərdə - müstəqilliyimizin ən ağır dövründə, 1990-cı illərin ortalarında başlamış neft strategiyamız ölkə iqtisadiyyatına böyük təkan vermişdir və bu gün neft-qaz sektoru ölkə iqtisadiyyatında önəmli bir yer tutur. Ancaq bizim əsas uğurlarımız müdrik iqtisadi islahatlar nəticəsində təmin edilmişdir və bu il qeyri-neft sektorunun 11,4 faiz artması özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkəmiz neft-qaz amilindən asılılığını azaldır və beləliklə, dayanıqlı inkişaf artıq reallıqdır.
Makroiqtisadi göstəricilər də çox müsbətdir. İnflyasiya cəmi 1,2 faiz təşkil edir. Keçən il inflyasiya 1,1 faiz idi. Keçən ilin yekunlarını müzakirə edərkən mən qeyd etmişdim ki, bu il də inflyasiya birrəqəmli olmalıdır. Ancaq görürük ki, nəticələr daha da yaxşıdır – 1,2 faiz inflyasiya, əlbəttə, makroiqtisadi sabitlik üçün çox önəmli olan bir məsələdir. Eyni zamanda, daim qeyd etdiyim kimi, bizim bütün məqsədlərimizin mərkəzində insan amili dayanır. İnflyasiyanın aşağı səviyyədə saxlanması əlbəttə ki, insanların rifah halının yaxşılaşmasına xidmət göstərir.
Əhalinin pul gəlirləri isə təxminən 6 faiz artmışdır. Biz burada da real artımı görürük. Kənd təsərrüfatında 4 faizdən çox artım olmuşdur. Bu da çox gözəl göstəricidir. Valyuta ehtiyatlarımız da artmaqdadır. Baxmayaraq ki, 2013-cü ildə böyük infrastruktur layihələrinin həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edir. Eyni zamanda, sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesi gedir. Maaşlar və pensiyaların məbləği artırılacaqdır və daim artırılır. Buna baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı yenə də artıra bilirik.
Xərclər də kifayət qədər çoxdur. Xərclər əlbəttə ki, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir. Ancaq əvvəlki dövrlərdə qarşıya hədəf qoyulmuşdur ki, biz valyuta ehtiyatlarımızı ildən-ilə artırmalıyıq və bunu edirik. Bu göstəriciyə, xüsusilə adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön sıralardadır.
Regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramı bu ilin birinci rübündə uğurla icra edilir. Proqram bu il başa çatacaqdır. Əminəm ki, proqram artıqlaması ilə icra ediləcəkdir. Çünki son illər ərzində proqrama əlavələr edilmişdir, yeni proqramlar qəbul olunmuşdur. Bu proqramın icrası nəticəsində ölkəmizdə bir milyon yüz mindən artıq iş yeri açılmışdır ki, onların 30 mini bu ilin birinci rübündə yaradılmışdır. Əlbəttə, bu göstərici də qeyri-neft sektorunda əldə edilən uğurlarla bilavasitə bağlıdır. Çünki əsas iş yerlərini yaradan sahələr qeyri-neft sənayesi və kənd təsərrüfatıdır.
Regionlarda quruculuq işləri aparılır, sosial infrastruktur yaradılır. Hesab edirəm ki, 2013-cü ildə bu istiqamətdə əsas məsələlər öz həllini tapacaqdır. Sosial infrastrukturun modernləşdirilməsi və yenidən yaradılması ilə bağlı müvafiq göstərişlər verilmişdir. Dövlət büdcəsində bu məqsədlər üçün kifayət qədər böyük məbləğlər nəzərdə tutulur və vaxtaşırı Prezidentin ehtiyat fondundan bu məqsədlərə əlavə vəsait ayrılır. Deyə bilərəm ki, iki regional inkişaf proqramı Azərbaycan iqtisadiyyatına çox böyük töhfə vermişdir. Əgər 2004-cü ildə birinci proqram qəbul olunmasaydı, indi hazırda şaxələndirilmiş iqtisadiyyatdan söhbət belə gedə bilməzdi.
Onu da deməliyəm ki, iqtisadi islahatlar, eyni zamanda, mötəbər beynəlxalq qurumlar tərəfindən də qeyd edilir. Azərbaycan o ölkələrdəndir ki, öz daxili imkanlarına söykənir, öz iqtisadi və siyasi inkişafını özü təmin edir. İqtisadi sahədə seçdiyimiz kurs beynəlxalq qurumlar tərəfindən də qiymətləndirilir. Buna görə baxmayaraq ki, bu gün hələ də bəzi ölkələrdə böhran öz acı nəticələrini göstərməkdədir, Azərbaycanda nə böhranın ən qızğın çağında, nə də indi maliyyə və iqtisadi böhranın heç bir əlaməti yoxdur. Bunun başlıca səbəbi Azərbaycanın müstəqil siyasətidir, müstəqil iqtisadi siyasətdir, bizim maliyyə vəziyyətimizdir və artıq həyat göstərir ki, bu, yeganə düzgün bir yoldur.
İslahatların davam etdirilməsi əlbəttə ki, inkişafımızı daha da gücləndirəcəkdir. Ancaq yenə də deyirəm, çox əlamətdar haldır ki, beynəlxalq qurumlar da bunu qeyd edirlər. Xüsusilə əsas reytinq agentlikləri “Standard & Poor's”, “Fitch” və “Moody's” Azərbaycanın kredit reytinqini artırmışlar. Bunlardan yuxarı reytinq agentlikləri yoxdur. Avropanın bəzi ölkələrinin kredit reytinqlərinin aşağı salındığı bir dövrdə Azərbaycanın reytinqi qalxır. Davos Dünya İqtisadi Forumu dörd il ardıcıllıqla Azərbaycan iqtisadiyyatını MDB məkanında ən rəqabət qabiliyyətli iqtisadiyyat kimi qeyd edir. Bu gün dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı 46-cı yerdədir.
Deyə bilərəm ki, Davos İqtisadi Forumu dünya miqyasında bir nömrəli beynəlxalq Forumdur. Bu Forumun, əlbəttə, həm siyasi, həm iqtisadi istiqaməti vardır. Azərbaycan bu Forumun fəal iştirakçısıdır və bu il ilk dəfə olaraq Dünya İqtisadi Forumu Bakıda keçirilmişdir, böyük uğurla keçirilmişdir. Forumda səslənən fikirlər, o cümlədən Azərbaycan iqtisadiyyatı, ümumiyyətlə, ölkəmizin inkişafı ilə bağlı səslənən fikirlər çox müsbət idi. Bu fikirlər və bu qiymət deyə bilərəm ki, ən yüksək qiymətdir. Çünki biri var hansısa qondarma qeyri-hökumət təşkilatı yalançı bir reytinq düzəldir və istənilən halda siyasi sifarişlər əsasında ölkələrin elə bil ki, sıralamasını müəyyən edir. Biri də vardır ki, mötəbər beynəlxalq qurumlar, Dünya Bankı, Dünya İqtisadi Forumu, Valyuta Fondu, digər mötəbər beynəlxalq qurumlar Azərbaycanda gedən prosesləri təqdir edir, yüksək qiymətləndirir.
Yəni, iqtisadi islahatlar bundan sonra da davam etdiriləcəkdir. Azərbaycan iqtisadiyyatı tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Hazırda ümumi daxili məhsulun 83 faizi bazar iqtisadiyyatında, özəl sektorda formalaşır. Dövlət inhisarında olan şirkətlər də tədricən beynəlxalq mühasibat və beynəlxalq idarəçilik prinsiplərinə keçir. Bu proses də gedir, daha da sürətlə getməlidir. Dövlət şirkətləri, yəni, strateji, ölkəmiz üçün əhəmiyyət daşıyan sahələrdə fəaliyyət göstərən dövlət şirkətləri də korporativ üsul-idarə ilə idarə edilməlidir və bir daha demək istəyirəm ki, bu istiqamətdə son illər ərzində böyük nailiyyətlər müşahidə olunur.
Sosial məsələlərin həllinə gəldikdə, qeyd etdiyim kimi, bu məsələlər də həmişə olduğu kimi, bizim üçün prioritetdir. Əgər belə olmasaydı, son 10 il ərzində yoxsulluq 50 faizdən 6 faizə düşməzdi. Bu da neft-qazla zəngin olan ölkələr üçün, deyə bilərəm ki, çox əlamətdar bir göstəricidir. Çünki neftlə, qazla zəngin olan ölkələrdə bir çox hallarda təbəqələşmə prosesi gedir - varlılar daha da varlanır, kasıblar daha da kasıblaşır. Deyə bilərəm ki, bizim sosial və iqtisadi siyasətimizin uğurla aparılması bu fəsadların da qarşısını alıbdır.
Sosial məsələlərin həllinə gəldikdə, - mən sosial infrastruktur layihələrini qeyd etmək istəyirəm, - xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları tikilir. Sosial infrastrukturun yaradılması, yeniləşməsi prosesi bu il və gələn illərdə də davam edəcəkdir. Ünvanlı sosial yardım alan vətəndaşlar da dövlət tərəfindən qayğı ilə əhatə olunur. 123 min ailə dövlətdən bu yardımı alır və hər bir ailə orta hesabla dövlətdən 117 manat müavinət alır. Əlbəttə, mən çox istərdim ki, ünvanlı sosial yardıma ehtiyacı olan ailələrin sayı kəskin şəkildə azalsın. Ölkəmizin uğurlu inkişafı, yeni iş yerlərinin yaradılması, sosial proqramlar, əminəm ki, yaxın zamanlarda bu kateqoriyadan olan insanların da yaşayış səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır. Ancaq hələ ki, dövlət dəstəyinə ehtiyacı olan ailələr var və biz onların qayğıları ilə məşğuluq. Çalışacağıq ki, bundan sonra da dövlət tərəfindən onlara verilən maddi yardımı artıraq.
Bu il maaşlar və pensiyalar artırılacaqdır. Hesab edirəm ki, sosialyönümlü siyasətimizin nəticələri çox müsbət olacaqdır. Sosial məsələlərin həllində əlbəttə ki, ilk növbədə, biz məcburi köçkünlərin problemlərini qeyd edirik, daim bu məsələlərlə məşğuluq. Son bir neçə ay ərzində bu istiqamətdə də çox önəmli hadisələr baş vermişdir. Keçən ilin sonunda biz Müşfiqabad qəsəbəsində böyük bir şəhərciyin açılışını qeyd etmişik. Bu yaxınlarda Masazır qəsəbəsində böyük şəhərciyin açılışını qeyd etmişik. Bir neçə gündən sonra Mingəçevirdə böyük şəhərciyin açılışı qeyd ediləcəkdir. Bütün mənzillər yüksək keyfiyyətlə tikilmişdir, bütün infrastruktur - məktəblər, uşaq bağçaları, tibb məntəqələri, su, qaz, işıq, bütün digər infrastruktur layihələri nəzərdə tutulur. Dövlət Neft Fondundan bu il 300 milyon manat yalnız tikinti işlərinə ayrılmışdır. Artıq Prezidentin ehtiyat fondundan müəyyən məbləğ ayrılmışdır və istisna olunmur ki, gələcəkdə də, bu ilin sonuna qədər yenə də ayrılacaqdır. Biz demək olar ki, hər il köçkünlər üçün yeni bir şəhər salırıq. Bu il 20 min köçkün yeni evlərə, mənzillərə köçürüləcəkdir. Artıq yataqxanalardan köçürülmə prosesi başlamışdır, vaxtilə fin qəsəbələrində məskunlaşmış köçkünlər artıq bu il tamamilə oradan köçəcək və “fin qəsəbəsi” anlayışı “çadır şəhərciyi” anlayışı kimi birdəfəlik aradan götürüləcəkdir.
Amma bilirik ki, hələ də çətin, ağır vəziyyətdə yaşayan köçkünlər var – məktəblərdə, uşaq bağçalarında, yataqxanalarda, hərbi hissələrin ərazilərində. Onların köçürülməsi də təmin ediləcəkdir. Bu il və gələn il, ondan sonrakı illərdə bu məsələ həm bizim büdcəmizdə, Dövlət Neft Fondunun büdcəsində və ümumiyyətlə, Azərbaycanda diqqət mərkəzində olacaqdır.
O ki qaldı beynəlxalq məsələlərin təhlilinə, deyə bilərəm ki, Azərbaycan öz beynəlxalq mövqelərini bu ilin əvvəlində də möhkəmləndirə bilmişdir. Bizim ikitərəfli əlaqələrimiz genişlənir, güclənir, tərəfdaş ölkələrin sayı artır. Azərbaycan beynəlxalq arenada öz mövqeyini müdafiə etmək iqtidarındadır. Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Çünki sözümüz də, əməlimiz də birdir. Azərbaycan etibarlı tərəfdaşdır. Bizim xarici siyasətimiz daxili siyasətin məntiqi davamıdır. Xarici siyasətimiz ölkəmizin daha da güclənməsinə yönəldilmişdir və biz milli maraqlarımızı çevik və məqsədyönlü xarici siyasətlə təmin edirik və beynəlxalq təşkilatlarda fəaliyyətimiz çox təsirlidir. Azərbaycan ikinci ildir ki, BMT Təhlükəsizlik Şurasının üzvüdür və bu ən mötəbər qurumda bütün məsələlərlə bağlı öz prinsipial sözünü deyir və deyəcəkdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə gün bundan əvvəl MDBMİ-nin forumunda mən Azərbaycanın rəsmi mövqeyini bir daha bildirmişəm. Bir daha demək istəyirəm ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıbdır, heç vaxt olmayacaqdır. Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik və çalışacağıq ki, bütün imkanlardan istifadə edib tezliklə bu münaqişəni həll edək. Bu münaqişənin həlli beynəlxalq hüquq normaları əsasında olmalıdır, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan çəkilməlidir.
Bununla bərabər, biz bundan sonra da öz gücümüzü – siyasi, iqtisadi, hərbi gücümüzü artırmalıyıq, artırırıq və bu, bizim suveren hüququmuzdur. Bir daha demək istəyirəm, məndə heç bir şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür, bilir. Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaqdır. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür – Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür. Əminəm ki, Azərbaycan ədaləti bərpa edəcək və öz ərazi bütövlüyünü təmin edəcəkdir.
Bununla bərabər, bir daha demək istəyirəm ki, biz münaqişə dövründə çox fəal işləmişik. Biz münaqişə dövründə geridə qalmış ölkədən inkişaf edən ölkəyə çevrilmişik. Biz bu dövrdə iqtisadi sahədə inqilabi islahatlar aparmışıq. Biz ölkəmizi möhkəmləndirə bilmişik. Bu gün Azərbaycan və Bakı dünya mərkəzlərindən biridir. Baxın, şəhərimizdə, ölkəmizdə nə qədər beynəlxalq tədbir keçirilir. Demək olar ki, hər ay, bəzi hallarda ayda bir neçə dəfə beynəlxalq forumlar, iqtisadi forumlar, mədəniyyətlə, sivilizasiyalar dialoqu ilə bağlı forumlar. Yəni, Bakı, Azərbaycan bir daha demək istəyirəm ki, dünya mərkəzlərindən birinə çevrilibdir. Bakıda siyasi məsələlər, regional əhəmiyyətli məsələlər müzakirə edilir.
Bakıda keçirilən Davos Forumunun əsas mövzusu Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əlaqələr və bu əməkdaşlığın gələcəyi ilə bağlı idi. Bu Forum məhz Bakıda keçirilibdir. Yəni, beynəlxalq aləm də Bakını regional mərkəz kimi tanıyır. Bu, reallıqdır. Ancaq bununla bərabər, mən bir daha demək istəyirəm ki, bizim istəyimiz də, niyyətimiz də və artıq görülən işlər də regional çərçivələrdən çoxdan çıxıbdır. Azərbaycanda həll olunan məsələlər, qəbul edilən qərarlar nəinki regionun inkişafına, qitədə gedən bəzi proseslərə də öz təsirini göstərir. Biz artıq ciddi beynəlxalq amilə çevrilmişik. Siyasi təşəbbüslər bizim razılığımız olmadan, bizim maraqlarımız təmin edilmədən öz həllini tapa bilmir.
Biz enerji diplomatiyası istiqamətində bir çox hallarda vacib qərarların təşəbbüskarıyıq. Bu sahədə gedən proseslər bizim qərarımızdan asılıdır. Bu da reallıqdır. İqtisadi əməkdaşlıq, nəqliyyat məsələlərinin həlli, Asiyanı Avropa ilə birləşdirən dəhlizlərin fəaliyyət göstərməsi ilə bağlı bizim sözümüz həlledicidir. Bu söz təşəbbüslərin irəli sürülməsidir və bu təşəbbüslərin həyata keçirilməsidir. Yəni, budur bugünkü Azərbaycan.
Ancaq bizim siyasətimiz, bir daha demək istəyirəm ki, xoşniyyətlidir. Biz bütün ölkələrlə münasibətləri qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Bu, dünya miqyasında, beynəlxalq aləmdə qəbul edilən prinsipdir. Biz özümüz bilirik ölkəmizi necə idarə etməliyik. Bizə kənardan məsləhətlər lazım deyildir. Biz güclü ölkəyik. Xalqla iqtidar arasında birlik, vəhdət vardır.
Bizim iqtisadi göstəricilərimiz dünya miqyasında ən gözəl göstəricilərdir. Bizim iqtisadi inkişafımız dünya miqyasında ən sürətlidir. Təkcə son 10 ilin yekunlarına baxmaq kifayətdir. Azərbaycanda yaşanan inkişaf dünyada çox nadir hallarda müşahidə edilir - həm siyasi, iqtisadi, həm energetika, mədəniyyət sahələrində. Ölkəmizin dünya mərkəzlərindən birinə çevrilməsi, beynəlxalq reytinq agentliklərinin qiymətləri, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz bu inkişafın göstəricisidir. Ona görə bir daha demək istəyirəm ki, xarici siyasətlə bağlı biz bundan sonra da bütün ölkələrlə bərabərhüquqlu münasibətlərin inkişafında maraqlıyıq.
Xarici siyasətlə bağlı bizim prinsipial mövqeyimiz bütün istiqamətlər üzrə öz müsbət nəticələrini verir. Biz müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Əsrlər boyu Azərbaycan başqa ölkələrin, imperiyaların tərkibində yaşamışdır. Əsrlər boyu biz müstəqillikdən məhrum idik. Azərbaycanda gedən proseslər başqa mərkəzlərdən idarə edilirdi. 21 ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. Bundan böyük xoşbəxtlik ola bilməz. Bundan böyük dəyər ola bilməz. Biz sözün əsl mənasında, müstəqil dövlətik. Müstəqilliyi qoruyacağıq və möhkəmləndirəcəyik. Bunu etmək üçün bizim güclü iqtisadiyyatımız olmalıdır.
İqtisadi sahədə aparılan islahatlar, eyni zamanda, sosial məsələlərin həlli bizi gücləndirir. İmkan verir ki, biz dünya miqyasında öz sözümüzü deyək. Ona görə biz iqtisadi məsələlərin həlli ilə bağlı həm proqramlar qəbul etmişik, həm də ölkədə gedən quruculuq işlərinə mütəmadi qaydada qiymət veririk.
Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi
- Bu gün çıxışlarda səslənən rəqəmlər və məlumat onu göstərir ki, bütün sahələrdə dinamik inkişaf təmin edilir. Əminəm ki, 2013-cü ildə həm sosial, həm iqtisadi sahələrdə yaxşı nəticələr olacaqdır. Əvvəlki dövrlərdə və birinci rübdə görülmüş işlər haqqında burada artıq kifayət qədər danışıldı. Qarşıda duran vəzifələr haqqında bəzi fikirlərimi bildirmək istəyirəm. Əslində 2013-cü ildə görüləcək işlərlə bağlı bütün vəzifələr müəyyənləşdirilmişdir. Dövlət İnvestisiya Proqramı icra edilir. Eyni zamanda, əvvəlki dövrlərdə qəbul edilmiş proqramlar icra edilir və onların bəziləri bu il başa çatdırılmalıdır. O ki qaldı əsas, yəni, diqqət tələb edən məsələlərə, onların içində əlbəttə ki, iqtisadiyyatın şaxələndirilməsi bu sahədə əsas vəzifə olaraq qalır. Əlbəttə, giriş sözümdə gətirdiyim rəqəmlər deməyə əsas verir ki, bu istiqamətdə çox önəmli nəticələr əldə edilmişdir. 11,4 faiz səviyyəsində artan qeyri-neft iqtisadiyyatımız hesab edirəm ki, dünya miqyasında bəlkə də ən sürətlə artan iqtisadiyyatdır.
Biz bilirik ki, həm bölgədə, həm qitədə iqtisadi sahədə proseslər o qədər də uğurla getmir. Bəzi ölkələrdə böhran yaşanır. Azərbaycanda isə düşünülmüş iqtisadi siyasət nəticəsində qeyri-neft sektorumuz 11,4 faiz artmışdır. Bu, doğrudan da, çox gözəl göstəricidir və nəzərə almalıyıq ki, bu artım əvvəlki illərdə dinamik artımın üzərinə gələn bir artımdır. Biri var ki, sıfırdan, yaxud da ki, mənfi göstəricilərdən hansı isə nəticəni əldə edəsən.
İldən-ilə qeyri-neft sektorumuz artır. Keçən ilin nəticələri də bunu göstərir. Keçən il, ümumiyyətlə, qeyri-neft sektorumuz 9,7 faiz artmışdır. Bu ilin birinci rübündə isə 11,4 faiz. Yəni, bir daha demək istəyirəm və hesab edirəm ki, bu göstərici bütün digər statistik göstəricilər arasında ən önəmlisidir. Çünki ölkəmizin dinamik inkişafını göstərir. Onu göstərir ki, ölkəmizin bundan sonrakı uğurlu inkişafı daim təmin ediləcəkdir.
Bununla bərabər, öz həllini gözləyən məsələlər də vardır. Bəzi istiqamətlər üzrə işlər daha da təkmilləşdirilməlidir. Hesab edirəm ki, bəzi istiqamətlər üzrə əsaslı islahatlar aparılmalıdır. Biz sağlam rəqabət mühitinin tam formalaşdırılmasına nail olmalıyıq. Bu istiqamətdə böyük işlər görülmüşdür. Ancaq deyə bilmərəm ki, Azərbaycanda sağlam rəqabət tam şəkildə təmin edilibdir. Qeyri-neft sektorumuzda 11,4 faiz səviyyəsində artım əslində biznes mühitinin yaxşı olduğunu göstərir. Ancaq bununla bərabər, əgər biz sağlam rəqabəti tam şəkildə təmin edə bilsək, inhisarçılığa qarşı daha da ciddi addımlar ata bilsək, əminəm ki, göstəricilərimiz daha da böyük olacaqdır. Biz rəqabət qabiliyyətli məhsulların istehsalını artırmalıyıq. Həm ixracı artırmaq, eyni zamanda, daxili bazarı da rəqabət qabiliyyətli məhsullarla təmin etmək üçün.
Son illərdə bizim əsas hədəfimiz idxalı azaltmaq, yerli istehsalı gücləndirmək, iş yerlərini yaratmaq idi. Biz bu məqsədlərə nail olmaq üçün dövlət səviyyəsində kompleks tədbirlər planını icra etmişik. Əlbəttə ki, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş infrastruktur layihələri özlüyündə özəl sektorun inkişafına və rəqabət qabiliyyətli məhsulların istehsalına kömək göstərirdi. Çünki əgər dövlət xərcləri olmasaydı, bölgələrdə müasir infrastruktur layihələri icra edilməsəydi, əlbəttə ki, heç bir biznes mühitindən söhbət belə gedə bilməzdi.
Bununla bərabər, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ildən-ilə sahibkarlara güzəştli şərtlərlə daha böyük məbləğdə kreditlər verilir. Bu il bu məbləğ 250 milyon manatdır. Bu da əlbəttə ki, daxili istehsalı stimullaşdırır. Yəni, bizim əsas məqsədimiz bu günə qədər olubdur və bu, məqsəd olaraq qalır ki, maksimum dərəcədə özümüzü təmin edək və idxaldan asılılığı minimuma endirək. İndiki mərhələdə isə hesab edirəm ki, rəqabət qabiliyyətli məhsulların istehsalına daha da böyük diqqət yetirilməlidir.
İlk növbədə, biz daxili bazarı rəqabət qabiliyyətli məhsullarla təmin etməliyik ki, Azərbaycan vətəndaşları ölkədə istehsal olunan ən yüksək keyfiyyətli məhsullarla təmin edilsinlər. Eyni zamanda, bunu mən sahibkarlarla fevral ayında keçirdiyim görüşdə demişəm, bu gün də demək istəyirəm ki, bu qədər sürətlə artan iqtisadiyyatımız və qeyri-neft sektorumuz əlbəttə, bizə xarici bazarlara çıxışı təmin etməyi diktə edir. Yəni, əgər biz xarici bazarlarda kifayət qədər böyük mövqelərə nail olmasaq, bu mövqeləri əldə etməsək, daxili bazarı təmin edəndən sonra bizdə müəyyən problemlər yarana bilər. Çünki kənd təsərrüfatının, emal sənayesinin inkişafı artıq elə sürətlə gedir ki, istehsal edilən məhsulların həcmi artacaq və əgər məhsullar rəqabətə dözə bilməsə, xarici bazarlara çıxmaq ildən-ilə daha da çətin olacaqdır. Ona görə, rəqabət qabiliyyətli məhsulların istehsalının artırılması hesab edirəm ki, ən vacib prioritetlərdən biri olmalıdır. Bu istiqamətdə işlər görülür və sahibkarlara verilən layihələr ekspertizadan keçirilir. Hesab edirəm ki, dövlət və hökumət tərəfindən sahibkarlara verilən tövsiyələr rəqabət qabiliyyətli məhsulların istehsalına təkan verəcəkdir.
Biz ixrac mallarının nomenklaturasını artırmalıyıq. Yenə də əgər bu məhsullar rəqabət qabiliyyətli olmasa, biz buna nail ola bilməyəcəyik. Yeni müəssisələr müasir texnologiyalar əsasında yaradılmalıdır. Xüsusilə dövlət dəstəyi ilə yaradılan müəssisələr 100 faiz müasir texnologiyalar üzərində öz fəaliyyətini qurmalıdır. Eyni zamanda, dövlətin dəstəyi olmadan yaradılan müəssisələrdə də nəzarət olmalıdır ki, köhnəlmiş avadanlıq Azərbaycana gətirilməsin. Azərbaycanda ən müasir texnologiyalar tətbiq olunmalıdır. Yəni, bizim, ümumiyyətlə, siyasətimiz bundan ibarətdir ki, ölkəmizdə istənilən sahədə ən qabaqcıl texnologiya və təcrübə tətbiq edilməlidir.
Bununla bərabər, hesab edirəm ki, iqtisadiyyat üçün vacib olan məsələlərdən biri də kadr hazırlığıdır. Biz bunu görürük. Görürük ki, bəzi hallarda müasir texnologiyalar gətirilir, ancaq kadr potensialı hələ ki, bir qədər geridə qalır. Ona görə biz müasir peşəkar kadrların hazırlanmasına daha da ciddi fikir verməliyik. Bu hazırlıq əlbəttə ki, iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşdırılmalıdır. Biz daha çox sürətlə inkişaf edən iqtisadi sahələr üzrə kadr hazırlığına fikir verməliyik. Ancaq, eyni zamanda, bütövlükdə kadr hazırlığı məsələsi hesab edirəm ki, xüsusi diqqət tələb edir. Bu məsələ, eyni zamanda, gənclərin bu işlərə cəlb edilməsi ilə bağlıdır. Gənc kadrların qabağa çəkilməsi daha da sürətlə getməlidir və ümumiyyətlə, bildiyiniz kimi, Azərbaycanda gənclər siyasəti uğurla aparılır, Azərbaycan gəncliyi Dövlət Proqramı icra edilir. Gəncləri işlə təmin etmək üçün onların təhsilini yüksək səviyyədə təşkil etmək üzrə işlər gedir.
Gənc ailələrin həyatda rastlaşdığı ən böyük problem mənzil problemidir. Hesab edirəm ki, ipoteka kreditləşmə mexanizmləri təkmilləşdirilməlidir, yenidən baxmaq lazımdır. Düzdür, bu istiqamətdə indi müəyyən islahatlar aparılır. Ancaq hesab edirəm ki, hələ çox işlər görülməlidir və ipotekaya ayrılan məbləğ artırılmalıdır. Baxmaq lazımdır, əgər büdcədə imkan olarsa bu il, olmasa gələn ildən ipotekaya ayrılan kreditlər artırılmalıdır ki, gənclərin mənzil problemi daha da sürətlə təmin edilsin.
Ərzaq təhlükəsizliyi ilə bağlı daim biz öz işlərimizi aparırıq və sahibkarlarla müşavirədə bu məsələ əsas məsələlərdən biri idi. Yenə də demək istəyirəm, bizim tam imkanımız var ki, özümüzü ərzaq məhsulları ilə yüz faiz təmin edək. Nəinki təmin edək, eyni zamanda, böyük ixrac potensialı da yaradaq. Biz burada iki istiqamət üzrə getməliyik. Əlbəttə, bitkiçilik, heyvandarlıq sahələrində intensiv metodlara daha da çox üstünlük verilməlidir. Eyni zamanda, iri fermer təsərrüfatlarının yaradılması prosesi də başlamışdır. Bizim hələ ki, dövriyyədə olmayan böyük torpaq sahələrimiz vardır. Orada meliorativ tədbirlər, infrastruktur layihələri həyata keçirilməlidir ki, biz on minlərlə hektar yeni torpaqları dövriyyəyə buraxaq. Beləliklə, bu, həm yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır, eyni zamanda, ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir. Ərzaq təhlükəsizliyi enerji təhlükəsizliyi kimi, bəlkə də ondan da vacib olan məsələdir. İstisna edilmir ki, gələcək illərdə bu, əsas məsələlərdən birinə çevriləcəkdir. Çünki qlobal meyllər bunu göstərir.
Dünyada indi resurslar uğrunda mübarizə gedir: enerji, su resursları uğrunda. İndi ərzaq məhsullarının, deməli, istehsalı ilə bağlı qeyri-müəyyən bir mənzərə yaranmışdır. Ona görə hesab edirəm, hər bir ölkə çalışmalıdır ki, özünü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etsin, xüsusilə Azərbaycan kimi gözəl coğrafi imkanlara malik olan bir ölkə. Elə ölkələr var ki, orada ümumiyyətlə, heyvandarlıqdan, bitkiçilikdən söhbət gedə bilməz. Səhra tipli torpaqlardır. Ancaq xoşbəxtlikdən bizdə belə deyil və Azərbaycanda müxtəlif ərzaq məhsullarını istehsal etmək mümkündür. Doqquz iqlim qurşağımız və güclü maliyyə imkanlarımız vardır. Ona görə biz ərzaq təhlükəsizliyini yüz faiz təmin etməliyik. Bu, o demək deyil ki, biz inteqrasiya proseslərinə, yaxud da ki, indi dünya inteqrasiya proseslərinə qoşulmuruq. Biz qoşuluruq. Əlbəttə ki, biz öz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri üzərində qurmuşuq. Ancaq onu da xatırlayırıq ki, taxılla bəzi ixracçı ölkələrdə yaranmış müəyyən çətinliklər istər-istəməz bizə də mənfi təsir göstərmişdir. Əvvəlki illərdə bağlanmış kontraktlara xitam verildi, onlar icra edilmədi və biz vəziyyətdən çıxış yolunu axtarmağa məcbur idik. Ona görə özümüzü tam əmin və sığortalı hiss etmək üçün biz əsas ərzaq məhsulları ilə özümüzü təmin etməliyik. Əlbəttə ki, meliorasiya, irriqasiya sistemlərinin qurulması prosesi getməlidir.
Aqrar sahə ilə bağlı, hesab edirəm ki, biz aqraryönümlü orta peşə təhsili müəssisələrinin yaradılmasına da başlamalıyıq. Sovet dövründə belə praktika var idi. Mən hesab edirəm ki, biz bunu bərpa etməliyik və ümumiyyətlə, orta peşə təhsili müəssisələrinin yaradılması və keyfiyyətcə yeni mərhələyə keçməsi məsələləri ön plandadır.
Çünki yenə də qayıdıram kadr hazırlığı məsələlərinə və görürük ki, Azərbaycanda bütün istiqamətlər üzrə işlər çox sürətlə gedir, sənaye, kənd təsərrüfatı istehsalı, xidmət sektorumuz artır. İndi bu qədər xidmət mərkəzləri yaradılır. Turizmin inkişafı sürətlə gedir və biz kadr çatışmazlığı ilə üzləşirik və gələcəkdə daha da çox üzləşə bilərik. Ona görə bütün bu məsələləri aidiyyəti dövlət qurumları, nazirliklər gərək birgə müzakirə etsinlər, uzlaşdırsınlar.
Bizim iqtisadi inkişafla bağlı çox dəqiq, konkret proqramımız vardır. Proqram üzrə gedirik, bir çox hallarda bu proqramı qabaqlayırıq. Ancaq konseptual baxımdan bütün nazirliklər, dövlət qurumlarının rəhbərləri bu işin içindədirlər, bilirlər ki, bizi nələr gözləyir. Ona görə biz nazirliklər arasında da bu məsələləri uzlaşdırmalıyıq.
Eyni zamanda, elektron kənd təsərrüfatı layihəsi həyata keçirilməlidir, fermerlərin elektron qeydiyyat sistemi yaradılmalıdır. Əgər biz buna nail ola bilsək, əlbəttə, digər başqa tədbirlərlə yanaşı, biz aqrar sektorun dayanıqlı inkişafını daha da sürətləndirə bilərik. Əvvəlki dövrlərdə çox böyük işlər görülmüşdür. İndi biz o illəri xatırlayarkən görürük ki, nə texnika, nə gübrə, nə də yanacaq çatışmazlığı var. Ona görə bütün bu məsələlər tədricən öz həllini tapır. Aqroservislər yaradılır, kreditlər verilir, dövlət tərəfindən dəstək göstərilir. Hətta cins mal-qaranın alınmasını da dövlət bilavasitə öz üzərinə götürür. Eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə vəsait ayrılır. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Subsidiyalarda təkmilləşmə prosesi getməlidir. Bu barədə mən əvvəlki müşavirədə sözümü demişəm, təkrar etmək istəmirəm. Yəni, bu sahə də həm iqtisadiyyat və həm də sosial məsələlərin həlli üçün prioritetdir, çünki əhalimizin 47 faizi aqrar bölgələrdə yaşayır.
Dövlət İnvestisiya Proqramının icrası ilə bağlı, hesab edirəm ki, heç bir problem olmayacaqdır. Lazım olan həcmdə proqram icra ediləcəkdir. Keçən il ölkə iqtisadiyyatına müxtəlif mənbələrdən 22 milyard dollar investisiya qoyulmuşdur. Bu investisiyaların böyük hissəsi daxili sərmayələrdir. Ancaq xarici investisiyalar da təqribən 30 faiz səviyyəsindədir. Bu da çox gözəl göstəricidir. Bu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. Bu, həm energetika, neft-qaz sektoruna aiddir, eyni zamanda, ölkə iqtisadiyyatına digər sahələrə də böyük həcmdə investisiyalar qoyulur. Bunu nəzərə alaraq hesab edirəm ki, bu il də Azərbaycana qoyulacaq investisiya 22 milyarddan az olmayacaqdır. Həmçinin pensiya və maaşların artırılması nəzərdə tutulur. Sovet dövründən qalmış əmanətlərin qaytarılması bu il başa çatacaqdır. Bütün bu amillər istər-istəməz makroiqtisadi vəziyyətə mənfi təsir edə bilər. Ona görə makroiqtisadi sabitlik həmişə olduğu kimi, diqqət mərkəzində olmalıdır. Düzdür, keçən il 1,1 faiz, bu ilin birinci rübündə 1,2 faiz inflyasiya bizi sevindirir. Biz daim çalışmalıyıq ki, inflyasiya yükü ən aşağı səviyyədə olsun.
Bu il sosial proqramların icrası davam etdiriləcəkdir. Bu barədə mən giriş sözümdə artıq fikirlərimi bildirdim. Maaşların, pensiyaların artırılması, ünvanlı sosial proqramın icra edilməsi, sosial infrastrukturun yaradılması. Bütün bölgələrdə xəstəxanalar, məktəblər, digər sosial obyektlər tikilir və bu iş davam etdiriləcəkdir.
Səhiyyə məsələlərinin həlli ilə bağlı nazir burada məlumat verdi. Doğrudan da, biz son illərdə bu sahədə də ciddi dönüşə nail ola bilmişik. İndi müasir klinikalar, diaqnostika, dializ mərkəzləri yaradılmışdır. Bir daha demək istəyirəm ki, insan amili ən vacib məsələdir. İnsan sağlamlığı da ən vacib məsələdir. Yenə də qayıdıram kadr hazırlığına. Bizim bölgələrdə də, Bakıda da ən müasir avadanlıq quraşdırılır. Bəzi hallarda dünyanın aparıcı klinikalarında olan avadanlıqdan da geri qalmır, bəzi hallarda onları da qabaqlayır. Mən bunu bilirəm. Çünki vaxtaşırı xarici qonaqlarla, səhiyyə sistemindən gələn qonaqlarla görüşlər əsnasında onlar da bildirirlər ki, sizdə ən müasir avadanlıq vardır. Amma bəzi hallarda kadr hazırlığı o səviyyəyə bir qədər çatmır. Ona görə kadr hazırlığı burada ön planda olmalıdır. Əlbəttə, ilk növbədə, biz Azərbaycanda kadr hazırlığını yüksək səviyyədə təmin etməliyik. Biz peşəkar həkimlərin yetişdirilməsinə, ilk növbədə, ölkə daxilində nail olmalıyıq. Bununla bərabər, bizim həkimlər müxtəlif proqramlar əsasında xarici klinikalara ezam olunurlar, orada təlim keçirlər. Eyni zamanda, Bakıda səhiyyə sahəsində görkəmli mütəxəssislər, alimlər çalışırlar. Hesab edirəm ki, biz bu prosesləri daha da sürətləndirməliyik.
Burada nağdsız ödəmələrin həcmi ilə bağlı vergilər naziri məsələ qaldırdı. Bu istiqamətdə böyük işlər görülmüşdür, xüsusilə 2012-ci ildə, Bakı şəhərində. Ancaq hələ ki, bu göstəriciyə görə biz lazımi səviyyədə deyilik. Ümumiyyətlə, bütün inkişaf etmiş ölkələrdə nağdsız ödəmələr mütləq əksəriyyət təşkil edir. Bizdə belə deyildir. Ancaq çalışmalıyıq ki, biz bu göstəriciyə görə də inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşaq.
Ümumiyyətlə, biz istənilən sahədə müsbət təcrübəni tətbiq edirik. Harada ki, ən qabaqcıl, müsbət təcrübə varsa və bizə sərf edirsə, o təcrübəni tətbiq edirik və etməliyik. Çünki əgər bu olmasa ölkəmizi müasirləşdirə bilmərik.
Azərbaycan inkişaf etmiş ölkələrin sırasında olmalıdır. Ona görə biz müsbət təcrübəni öyrənirik, Azərbaycanda istənilən sahədə tətbiq edirik. Bu, təbii, normal prosesdir. Hesab edirəm ki, biz nağdsız ödəmələrin səviyyəsini, həcmini artıra, eyni zamanda, vergilərin yığımında daha da böyük uğurlara nail ola, xoşagəlməz halların qarşısını daha da sürətlə ala bilərik. Yəni bu, dünyada, inkişaf etmiş ölkələrdə oturuşmuş bir yanaşmadır. Biz də bunu daha da sürətlə tətbiq etməliyik.
Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çox sürətlə aparılır. Bu mübarizə hərtərəfli şəkildə aparılır. Korrupsiya və rüşvətxorluq cəmiyyət üçün ən böyük problemlərdən biridir, ən böyük yaramızdır. Biz inkişaf etmiş ölkələrin bu sahədə də təcrübəsini nəinki öyrənməliyik, eyni zamanda, tətbiq etməliyik. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm, bir daha demək istəyirəm ki, yalnız cəza tədbirləri, inzibati tədbirlər bizim istədiyimizə nail olmaq üçün kifayət etməz. Əlbəttə ki, cəza tədbirləri də olmalıdır, hüquq mühafizə orqanları da bu istiqamətdə öz fəaliyyətini davam etdirməlidir. İnzibati tədbirlər də görülür və görüləcəkdir.
Ancaq institusional tədbirlərin genişlənməsi, tətbiqi, sistem xarakterli islahatların aparılması və davam etdirilməsi, hesab edirəm ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da yaxşı imkan yaradacaqdır. Biz korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq. “Elektron xidmət”, “Elektron hökumət” layihələri bu istiqamətdə atılan çox önəmli addımlardır.
Məmur-vətəndaş ünsiyyəti bu istiqamətdə minimuma endirilməlidir. Yenə də inkişaf etmiş ölkələrin təcrübəsini biz maksimum dərəcədə tətbiq etməliyik. Buna görə də Azərbaycanda İKT sektorunun inkişafına daha da böyük diqqət göstərilməlidir və göstəriləcəkdir.
Son aylar ərzində bu istiqamətdə çox ciddi addımlar atılmışdır. Onların içində “ASAN xidmət”inin fəaliyyətini mən qeyd etmək istəyirəm. Bu xidmət öz fəaliyyətini genişləndirir. Artıq minlərlə vətəndaş “ASAN xidmət”ə müraciət etmişdir. Biz “ASAN xidmət”in fəaliyyətini genişləndiririk. Hesab edirəm ki, bu ilin yayına qədər Bakının bütün rayonları əhatə ediləcəkdir. Eyni zamanda, böyük şəhərlər - Sumqayıt, Gəncə şəhərləri əhatə ediləcəkdir. Gələn il hesab edirəm ki, bütün başqa bölgələrdə xidmət yaranmalıdır. O vaxta qədər mobil avtobuslarla bu xidmət göstəriləcəkdir. Artıq avtobuslar alınıbdır. Yaxın həftələrdə Azərbaycanda olacaqdır. Bu avtobuslar vasitəsilə müxtəlif bölgələrdə bu xidmət öz fəaliyyətinə başlayacaqdır.
Bir sözlə, institusional islahatlar, elektron hökumət, şəffaflıq və əlbəttə ki, güclü siyasi iradə olmalıdır. Bu güclü siyasi iradə vardır. Biz, əgər inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparmalıyıq. Əminəm ki, biz bu mübarizədə qalib gələcəyik.
Bununla bərabər, dövlət məmurlarının məsuliyyəti də artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Bu məsələlərlə bağlı mən fikirlərimi bildirmişəm. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir.
Cəmiyyətdə sosial ədalət prinsipləri tam şəkildə tətbiq edilməlidir. Bunu bizim Əsas Qanunumuz – Konstitusiya tələb edir və ümumi normal davranış elə olmalıdır ki, sosial ədalət prinsipləri pozulmasın. Çünki deyə bilərəm ki, insanları narahat edən ən böyük məsələ ədalətsizlikdir, həyatda da, siyasətdə də, hər bir sahədə də. Ona görə də ədalət, sosial ədalət olmalıdır və bütün qərarlar ədalətli olmalıdır. Əgər qərar ədalətlidirsə, əgər hətta kiminsə xoşuna gəlmirsə, ədalətli olduğu üçün bu qərarla barışırlar. Əgər qərar ədalətsizdirsə, əgər belə demək mümkündürsə, bundan böyük ədalətsizlik ola bilməz.
Biz sənaye istehsalının artırılması ilə bağlı əvvəlki dövrlərdə böyük işlər görmüşük. Bu ilin birinci rübündə də qeyri-neft sənayemiz artıb. Bu, müsbət göstəricidir. Ancaq gələcəkdə sənaye istehsalımızı müasirləşdirmək üçün əlbəttə ki, böyük işlər görüləcəkdir. Onların arasında mən texnoparkların yaradılmasını qeyd etmək istəyirəm. Artıq bu istiqamətdə işlər gedir. Biz əsas üç mərkəz seçmişik. Bu mərkəzlər əslində ənənəvi mərkəzlərdir: Bakı, Sumqayıt, Gəncə şəhərləri. Orada texnoparkların yaradılması prosesi gedir. Hesab edirəm ki, biz bu siyahıya Mingəçeviri də əlavə etməliyik. Çünki Mingəçevir də sənaye şəhəridir. Orada kənd təsərrüfatı demək olar ki, yoxdur. Mingəçevirdə müasir sənaye komplekslərinin tikilməsi ilə bağlı qərarlar verilməlidir. Bu məsələ ilə bağlı mən artıq göstərişlər vermişəm. İnvestisiya qoymaq istəyən qurumlara tövsiyə edilir ki, eyni zamanda, onlar Mingəçevirə də diqqət yetirsinlər. Hesab edirəm ki, buna nail olsaq, onda ölkədə dörd əsas sənaye mərkəzi olacaqdır. Hesab edirəm ki, Azərbaycan kimi ölkə üçün bu, kifayətdir. Yəni, texnologiya parklarının öz üstünlükləri olacaqdır. Orada fəaliyyət göstərəcək müəssisələr ölkəmiz, iqtisadiyyatımız üçün strateji xarakter daşımalıdır. Əlbəttə ki, orada yalnız rəqabətqabiliyyətli, ixrac yönümlü məhsullar istehsal olunmalıdır. Əminəm ki, biz yaxın aylarda yeni texnologiya parklarının yaradılmasını görəcəyik.
Regional inkişaf proqramına gəldikdə, bu istiqamətdə işlər plan üzrə gedir. Bu ilin sonuna qədər ikinci Dövlət Proqramı yekunlaşdırılacaqdır. Əlbəttə ki, burada infrastruktur layihələri əsas üstünlük təşkil edir. Bu layihələrdə heç bir problem yoxdur.
Bakıətrafı qəsəbələrin inkişaf proqramı da bu il başa çatmalıdır. Bu, çox böyük proqramdır. Ancaq icra müddəti çox qısadır – cəmi iki il. Çalışmalıyıq ki, bu ilin sonuna qədər bütün qəsəbələrdə nəzərdə tutduğumuz bütün layihələr icra edilsin. Bilirəm ki, ilin sonuna qədər Bakıda bütün məktəblər əsaslı təmir ediləcəkdir. Bu proses artıq gedir. İlin sonuna qədər bir dənə də olsun təmirsiz məktəb olmayacaqdır.
Qazlaşdırma məsələləri demək olar ki, Bakıda 100 faiz təmin edilib. Ancaq qazın verilməsinin keyfiyyəti hələ ki, bəzi hallarda problem yaradır.
Kənd yollarının, qəsəbədaxili və qəsəbələrarası yolların tikintisinə diqqət verilməlidir. Su və kanalizasiya layihələri – bunlar çox böyük layihələrdir. Çalışmalıyıq ki, ilin sonuna qədər işlərin böyük əksəriyyətini görək. Hər halda bu proqramı qəbul edərkən mən çox qısa bir müddət qoydum. Biz bunu beş ilə də uzada bilərdik. Çünki doğrudan da, işin həcmi həddindən artıq böyükdür. Ancaq iki il ərzində biz bütün səylərimizi birləşdirmişik ki, Bakı qəsəbələrinin illərlə yığılıb qalan problemləri həllini tapsın. Hesab edirəm ki, bu da çox önəmli bir sosial layihədir.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir. Biz hesab edirdik ki, 2013-cü ildə bu layihəni icra edəcəyik. Ola bilər ki, gələn ilə qalsın. Ancaq bütövlükdə deyə bilərəm ki, layihənin icrasında heç bir problem yoxdur. Əsas işlər bu ilin sonuna qədər görüləcəkdir. Bu layihə, yenə də deyirəm, Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilir. Biz bu layihəyə həm siyasi dəstək vermişik, həm də maliyyə yükünün böyük hissəsini öz üzərimizə götürmüşük. Ancaq biz indi görürük ki, bu layihə də artıq regional müstəvidən çıxıbdır. Əvvəlki illərdə bu layihəyə qarşı çıxanlar indi onu dəstəkləyirlər. Yaxşı xatırlayıram ki, biz Bakı-Tbilisi-Qars layihəsini tərəfdaşlarımızla ciddi şəkildə müzakirə etdikdə “Ermənistan niyə bu layihənin üzvü deyildir” sualları ilə üz –üzə qalmışdıq. “Ermənistan bu layihənin üzvü olmasa, bu layihəyə beynəlxalq dəstək verilməyəcəkdir” məsələləri də ortaya çıxmışdı. Ancaq buna baxmayaraq, Azərbaycan, Türkiyə, Gürcüstan dövlətlərinin birgə iradəsi nəticəsində biz bu layihəni həyata keçiririk, keçirəcəyik. Ermənistan bu layihədən də təcrid edilibdir. Bu, bizim prinsipial mövqeyimizdir. Nə qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistan heç bir regional layihənin iştirakçısı ola bilməz.
Bakı-Tbilisi-Qars dəmir yolunun həyata keçirilməsi tarixi hadisədir.
Eyni zamanda, mən son illər ərzində Azərbaycanda turizmin sürətlə inkişafını qeyd etmək istəyirəm. Xüsusilə birinci rübdə bu sahədə çox əlamətdar hadisə baş vermişdir - “Şahdağ” xizək mərkəzi fəaliyyətə başlamışdır. Bu da hesab edirəm ki, əlamətdar hadisədir. Çünki heç bir dövrdə Azərbaycanda dağ-xizək mərkəzi olmamışdır. Qonşu ölkələrdə olmuşdur. Ancaq Azərbaycanda olmamışdır. Hesab edirəm ki, bu layihənin icra edilməsi artıq öz səmərəsini göstərir. Dövlət əsas texniki və maliyyə yükünü öz üzərinə götürmüşdür. Bu da təbiidir. Bu da özəl sektora, regionun inkişafına verdiyimiz töhfədir.
Minlərlə iş yeri yaradılacaqdır. Artıq Qusar rayonunda yüzlərlə iş yeri yaradılıbdır, özü də keyfiyyətli iş yerləridir. Orada işləyənlərə yüksək maaş verilir. Eyni zamanda, biz Azərbaycan vətəndaşları üçün gözəl bir istirahət və əyləncə mərkəzi yaratdıq. Bu yaxınlarda mənə verilən məlumata görə, birinci iki ay ərzində 50 min insan artıq bu kompleksdən istifadə edibdir. Bu, çox böyük göstəricidir. Nəzərə alsaq ki, orada cəmi bir kiçik mehmanxana fəaliyyət göstərir, 50 min insanın oraya gəlməsi çox əlamətdar hadisədir. Gələn qış mövsümünə qədər ən azı üç yeni böyük mehmanxana öz qapılarını qonaqların üzünə açacaqdır. Yeni istirahət zonaları, parklar, yeni küçələr salınır. Yəni, “Şahdağ” kurortu dünya miqyasında ən müasir, ən gözəl kurortlardan birinə çevrilməlidir. Qarşıya məhz belə məqsəd qoyulmuşdur.
“Şahdağ” kurortunun açılışına gedərkən mən oraya birinci səfərimi xatırladım. Birinci dəfə mən oraya gedəndə orada bir dənə olsun tikili yox idi. Hər tərəf dağlar, qar idi. Nə yaşayış yeri var idi, nə də bir bina, heç nə yox idi. Bu layihəni başlayarkən, sözün düzü, bir az fikirləşirdim ki, görəsən, biz bunu icra edə biləcəyik, yoxsa yox?! Ancaq çox şadam ki, bu məsələnin həllində də biz uğurlara imza atdıq. Bu, onu göstərir ki, istənilən layihəmiz, əgər biz bu layihəni başlayırıqsa, mütləq uğurla başa çatmalıdır. Bütün infrastruktur layihələri icra edildi - içməli su, kanalizasiya, elektrik, qaz xətləri. Gözəl dördzolaqlı yol, otellər, qaldırıcılar, tibb mərkəzləri, təlim yerləri, müasir istirahət zonaları tikilir. Hesab edirəm ki, bu, ölkəmizin ən gözəl istirahət zonalarından biri olacaqdır.
Çox şadam ki, bu layihədən sonra Qəbələ rayonunda da xizək kurortunun yaradılmasına başlayıblar. Mən bu yaxınlarda orada olarkən gördüm ki, artıq Qəbələdə ikinci xizək kurortu yaradılır. Bu kurort da bu ilin sonuna qədər hazır olacaqdır.
Çıxışımın sonunda qeyd etməliyəm ki, “İnformasiya-kommunikasiya texnologiyaları ili” Azərbaycanda uğurla başlayır. Azərbaycan kosmik dövlətdir. Bu, böyük, tarixi nailiyyətdir. “Azərspace-1” peyki orbitdədir. Artıq idarəçilik də Azərbaycana verilibdir. Biz bu peyki Bakıdan idarə edirik. Artıq tərəfdaşlarla ikinci, üçüncü peykin orbitə buraxılması ilə bağlı danışıqlara başlamışıq. Bu da bir yenilik, müasirlik, inkişafdır.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, bizim ikinci regional inkişaf proqramımız bu ilin sonunda başa çatır. Çox iş görülübdür. Amma görüləcək işlər çoxdur. Ona görə hesab edirəm ki, üçüncü dövlət proqramının hazırlanması ilə bağlı biz daha da fəal işləməliyik. İlin sonuna qədər üçüncü dövlət beşillik proqramı hazır olmalıdır ki, 2014-cü ilin əvvəlində biz onu da qəbul edək və beləliklə, ölkəmizin uğurlu inkişafını təmin edək. Sağ olun.
(AzərTAc)