Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ziyarətgahlarda olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olublar. Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada zəruri konservasiya və bərpa işləri aparılmaqla ərazinin arxeoparka çevrilməsi planlaşdırılır. Məlumat verildi ki, Pir Ömər Sultan ziyarətgahının xəlvəti sufi məktəbinin banisi Əbu Siracəddin Ömər Avaxıliyə aid olduğunu müəyyən etmək məqsədilə tədqiqatlar aparılır. Arxeoloqlar hesab edirlər ki, bu ərazi Azərbaycanda və dünyada xəlvətiliklə bağlı ilk xanəgahdır. 133 kvadratmetr sahədə aparılan ilkin arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən artefaktlar aşkar olunub. Türbə qaya və çay daşlarından istifadə olunmaqla inşa edilib. Türbənin üstü tağvarı formada olan giriş qapısı cənub tərəfdəndir. Türbənin içərisində kənarları birqat bişmiş kərpiclə əhatələnən iki qəbir kamerası, şirəli və şirəsiz keramika nümunələri, müxtəlif tarixi dövrlərə aid pullar aşkar olunub. Ziyarətgahın ətrafında çoxlu sayda insan dəfn olunub. Onlardan türbənin şərq tərəfində tədqiq olunan iki qəbir üzərindəki kitabə Pir Ömər ziyarətgahının məhz xəlvətilik sufi təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən çox mühüm tarixi mənbə kimi dəyərləndirilə bilər.Tədqiqatların davamlı və səmərəli aparılması, ziyarətgahın təbii və antropogen təsirlərdən qorunması məqsədilə abidənin üstü yüngül konstruksiyalardan istifadə olunmaqla örtülüb.
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə də tanış olublar.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma tikinti-bərpa və yenidənqurma tədbirləri barədə məlumat verdi. Bildirdi ki, zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirsaat Babanın məzarını ziyarət etdilər.
Pirsaat Baba ziyarətgahı bütün ölkə əhalisinin ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və hər gün buraya yüzlərlə zəvvar gəlir. Ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə burada geniş yenidənqurma işlərinə başlanıb.
Qeyd edək ki, təxminən IX-XV əsrlər arasında tikilmiş türbə 1918-ci ildə Hacı Cəfərqulu tərəfindən yenidən ucaldılıb. Heydər Əliyev Fondu tərəfindən 2020-ci ildən başlanmış yenidənqurma işləri həm tarixi abidə, həm də müqəddəs ziyarətgah olan Pirsaat pirinin tamamilə yeni görkəmdə əhalinin ixtiyarına verilməsinə imkan yaradacaq.
Dini ziyarətgahlarımız da xalqımızın qürur doğuran keçmişinə, milli–mənəvi dəyərlərinə maksimum həssas münasibətinin əyani nümunələrindəndir. Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin prinsipial və həsəd doğuran vətəndaşlıq mövqeyi, iradəsi, qətiyyəti, milli-mənəvi dəyərlərə dərindən bağlılığı nəticəsində ölkəmizdəki ziyarətgahlara yeni həyat verildi. Təsadüfi deyil ki, Ulu Öndərin müəyyənləşdirdiyi mükəmməl siyasi kursun layiqincə davam etdirilməsinə və daha da zənginləşdirilməsinə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində indi ziyarətgahların və dini məbədlərin yenidən qurulmasının miqyasına görə heç bir ölkə Azərbaycanla müqayisə edilə bilməz. Bu baxımdan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da səylərini əsirgəmir, istər ölkəmizdə, istərsə də xaricdə silsilə layihələr reallaşdırır. Bunlardan biri də Şamaxı şəhərinin girəcəyində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, Pirsaat çayının sahilində yerləşən Pirsaat Baba ziyarətgahıdır.