10.11.2015
Prezident İlham Əliyev: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir”
Azərbaycanda son illər ərzində keçirilən müxtəlif tədbirlər – Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu artıq Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi təqdim edibdir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Çünki bu, bizim üçün normal həyat tərzidir. Halbuki, biz indi bəzi ölkələrdə fərqli mənzərə görürük. Hətta bəzi siyasi liderlər çox təhlükəli ifadələr işlədirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, həm yanlış, həm də təhlükəli fikirlərdir. Çünki multikulturalizmin alternativi yoxdur. Nədir alternativ – ksenofobiya, diskriminasiya, ayrı-seçkilik, irqçilik. Əfsuslar olsun ki, biz bütün bunları hər gün televizorlarda görürük. Azərbaycan bu sahədə də öz modelini ortaya qoyur. Hesab edirəm ki, Azərbaycan alimləri bu mövzu ilə bağlı daha da fəal ola bilərlər. Azərbaycanda multikulturalizmin tarixi, ənənələri, bugünkü reallıqları haqqında elmi əsaslandırmalar və dövlət siyasəti əsasında həm Azərbaycan dilində, həm xarici dillərdə daha da böyük elmi əsərlər yaradıla bilər. Hesab edirəm ki, bu sahədə elmi araşdırmalar həm çox maraqlı, həm də bizim üçün çox faydalı olacaqdır.
Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda söylədiyi nitqdən.
AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda söylədiyi nitqdən.