Prezident İlham Əliyev: “Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz”
Dövlət başçısı: “Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir”
“Bildiyiniz kimi, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir”. Bu fikirləri Prezident İlham Əliyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə bildirib.
Ölkə Prezidenti qeyd edib ki, işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib”.
Onun sözlərinə görə, Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. “Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir”,-deyə Prezident İlham Əliyev əlavə edib.