Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.04.2021

Prezident İlham Əliyev: “İşğalçı erməni qüvvələrinin bizim tarixi və dini abidələrimizi, şəhər və kəndlərimizi necə viran etdiyinin şahidiyik”

Dövlət başçısı: “Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq”

 

“Münaqişədən sonrakı inkişaf mövzusuna toxunmazdan əvvəl başa düşülməlidir ki, bizim torpaqlarımız 30 ilə yaxın işğal altında olub. Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik”. Bu fikirləri aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq: “Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq. Eyni zamanda, biz gələcəyə baxmalıyıq. İşğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası bizim ən pis gözləntimizdən də qorxuncdur. Bizim şəhər və kəndlərimizdə ermənilər tərəfindən nələrin törədildiyi haqqında təsəvvürümüz var idi. Vaxtaşırı videomateriallar təqdim olunurdu, o torpaqlara səfər edə bilən xarici nümayəndələr tərəfindən məlumatlar verilirdi. Yeri gəlmişkən, bəlkə bilirsiniz ki, o vaxtkı Dağlıq Qarabağa qanunsuz səfər edən əcnəbilər, sizin səfər etdiyiniz ərazilərə gəlmək hüququndan məhrum idi. Onlar keçmiş Dağlıq Qarabağ inzibati vilayətinin ətrafında yerləşən Ağdam, Füzuli və digər rayonlara səfər etmək hüququndan məhrum idi. Səbəb ondan ibarət idi ki, Ermənistan hökuməti onların həmin ərazilərdə olan dağıntıların, işğalın, azərbaycanlılara qarşı olan nifrətin nəticəsinin şahidi olmasını istəmirdi. Aydındır ki, həmin ərazilər Birinci Qarabağ müharibəsi dayandıqdan sonra viran qoyulmuşdur, çünki müharibə gedə-gedə şəhər və kəndləri dağıtmaq mümkün olmazdı”.

Prezident İlham Əliyev onu da vurğulayıb ki, onlar bunu bilərəkdən, Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə ediblər. Beləliklə, burada Azərbaycan xalqının hissləri başa düşülməlidir. “Biz artıq həmin torpaqlara qayıdaraq işğalçı erməni qüvvələrinin bizim tarixi və dini abidələrimizi, şəhər və kəndlərimizi necə viran etdiyinin şahidiyik. Bu isə münaqişədən sonrakı dövrdə addımlarımızın planlaşdırılması baxımından mühüm amildir”,-deyə ölkə Prezidenti əlavə edib .

(Prezident.az)