Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.04.2016

Prezident İlham Əliyev: “Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar”

“Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb.” Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda BMT Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumunun rəsmi açılış mərasimində söyləyib.
İlham Əliyev deyib ki, bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir.
Ən qədim kilsələrdən birinin - qədim Qafqaz Albaniyası dövrünə aid kilsənin də məhz Azərbaycanda, daha bir qədim şəhər olan Şəkinin yaxınlığında yerləşdiyini vurğulayan Dövlət başçısı hökumətimizin məscidlərin, pravoslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırdığını bildirib. O bildirib ki, bu, bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq bu sərvəti qoruyub saxlamışdır. Ölkəmiz yalnız 25 ildir ki, müstəqil dövlətdir. Lakin bu, qədim dövlətdir, dərin tarixi və mədəni köklərə malikdir.
Bizim üçün multikulturalizmin dövlət siyasəti olduğunu deyən Prezident İlham Əliyev bu vacib məsələlərin müzakirə edilməsi üçün müxtəlif tədbirlərin təşkil edildiyini vurğulayıb.
İlham Əliyev bildirib ki, multikulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə məlumdur ki, bununla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin iflasa uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir.