Şriftin ölçüsü:

Saytın rəngi:

26.05.2023

Prezident İlham Əliyev: "Ermənistanın otuzillik işğalı nəticəsində xalqımızın tarixi-mədəni, dini irsi məqsədyönlü şəkildə məhv edilmişdir"

"2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoymuşdur. 44 günlük Vətən müharibəsində ölkəmiz tarixi Zəfər qazanmışdır". Bu fikirlər Prezident İlham Əliyevin “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda öz əksini tapıb.
Dövlət başçısı qeyd edib ki, Ermənistanın otuzillik təcavüzü və işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovulmuş, etnik təmizləməyə məruz qalmış, kəndlərimiz, şəhərlərimiz yerlə-yeksan edilmiş, xalqımızın tarixi-mədəni, dini irsi məqsədyönlü şəkildə məhv edilmişdir: "Öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın tezliklə könüllü, təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtması üçün işğaldan azad olunmuş ərazilərimizdə dərhal genişmiqyaslı quruculuq işlərinə start verilmişdir. Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Gördüyümüz bəzi işlərin nəticələri artıq göz qabağındadır və siz Azərbaycanda səfərdə olarkən bunların şahidi olmusunuz"-deyə, Azərbaycan Prezidenti vurğulayıb.
Prezident İlham Əliyev onu da bildirib ki, humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu siyasətin əsası 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuşdur.

 

(AZƏRTAC)