Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.09.2018

Prezident İlham Əliyev: “Ermənistan tarixi, dini abidələrimizi, məscidlərimizi, əcdadlarımızın qəbirlərini dağıdıb”

“Regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Çünki indiki dünyada yeni risklər, təhdidlər yaranır, yeni münaqişə, müharibə ocaqları alovlanır. Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır”. Bu fikirləri Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə bildirib.
Dövlət başçısı vurğulayıb ki, bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt olunmuş, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır, hərbi cinayətlər, Xocalı soyqırımı törədilmişdir. “Bu gün 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyır. Bir gecədə 600-dən çox günahsız insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir, mindən çox insan itkin düşüb. Onların taleyi haqqında heç bir məlumat yoxdur. İşğal edilmiş torpaqlarda Ermənistan bizim bütün tarixi, dini abidələrimizi, məscidlərimizi, əcdadlarımızın qəbirlərini dağıdıb, maddi sərvətlərimiz Ermənistan tərəfindən talan edilib. Bu, hərbi cinayətdir və bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidirlər və verirlər”.
Prezident İlham Əliyevin sözlərinə görə, təsadüfi deyil ki, 20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim çökdü və bu gün bizim dediyimizi erməni xalqı deyir: “Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacaq, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaqdır”.