Prezident İlham Əliyev: "Ermənistan dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib"
"Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir". Bu fikirləri Prezident İlham Əliyev Yunanıstanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı vurğulayıb ki, Ermənistan Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib: "Beynəlxalq hüququ pozur və BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir” - deyə Azərbaycan Prezidenti qeyd edib.
Türkiyə-Azərbaycan münasibətlərinə də toxunan dövlət başçısı onu da deyib ki, Türkiyə bizim təkcə dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir: "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər"