Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.05.2016

Prezident İlham Əliyev BP-nin Direktorlar Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

BP-nin Direktorlar Şurasının sədri Karl-Henrik Svanberq ölkəmizə səfərindən ötən dövr ərzində böyük dəyişikliklərin şahidi olduğunu, paytaxtımızda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. Azərbaycanın “Eurovision”, Avropa Oyunları və “Formula-1” kimi möhtəşəm beynəlxalq yarışlara ev sahibliyi etməsinin önəmini vurğulayan Karl-Henrik Svanberq bildirdi ki, ölkəmizdə əldə olunan bütün bu nailiyyətlərin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin Müqaviləsi” kimi tarixə düşən kontraktın imzalanması ilə qoyuldu. Azərbaycan ilə tərəfdaşlıqdan məmnunluğunu ifadə edən BP-nin Direktorlar Şurasının sədri tərəfdaşlığımızın ötən dövr ərzində çox güclü olduğunu dedi və regionun inkişafı ilə bağlı layihələrdə iştirak etmələrindən qürur duyduqlarını vurğuladı. “Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi” layihələrinin əhəmiyyətinə toxunan qonaq bu layihələrin BP-Azərbaycan əməkdaşlığının uzunmüddətli olması işinə xidmət edəcəyini bildirdi.