Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.10.2020

Prezident İlham Əliyev: “Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır”

“Ermənistanın mövqeyi isə azərbaycanlıları oradan qovmaq, etnik təmizləmə aparmaq, Azərbaycanın tarixi-dini abidələrini yerlə-yeksan etmək və ondan sonra elan etmək ki, bu, qədim Ermənistan torpağıdır"

 

“Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır”. Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı vurğulayıb ki, bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır: “Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq. Çünki orada indi səfalət hökm sürür. Biz oraya sərmayə də yatırarıq, biz orada sosial proqramlar da icra edərik, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaqdır”.

Prezident İlham Əliyev onu da qeyd edib ki, bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq. Bizim mövqeyimiz bundan ibarətdir. “Ermənistanın mövqeyi isə azərbaycanlıları oradan qovmaq, etnik təmizləmə aparmaq, Azərbaycanın tarixi-dini abidələrini yerlə-yeksan etmək və ondan sonra elan etmək ki, bu, qədim Ermənistan torpağıdır. Halbuki ermənilər oraya çar Rusiyası tərəfindən XIX əsrin əvvəlində köçürülüb. Bu, tarixdir. Bu tarixi biz bilirik, - deyə Azərbaycanın ölkə başçısı əlavə edib.