Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.06.2021

Prezident İlham Əliyev: "Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi, tarixi-dini abidələrimiz söküldü"

"İndi mən müharibədən sonra Ağdama ikinci dəfə səfər edirəm. Birinci dəfə Ağcabədi istiqamətindən gəldim. Bu dəfə isə Bərdə istiqamətindən gəldim. Hər iki istiqamət üzrə bir neçə müdafiə xətti var, istehkamlar var. Cümə məscidinin qalıqlarından başqa, bir dənə də salamat bina yoxdur". Bu fikirləri Prezident İlham Əliyev mayın 28-də Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dövlət başçısı vurğulayıb ki, bunu hansısa yad planetli, necə deyərlər, ünsürlər törətməyiblər. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər: "Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü. Bunun da bir neçə məqsədi var idi. Birincisi, bizə olan nifrət. İkincisi, Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin". 

Prezident İlham Əliyev onu da bildirib ki, onlar dərk edə bilmədilər ki, bizim üçün, xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. "İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq",- deyə dövlət başçısı əlavə edib.

(Prezident.az)