Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.06.2016

Prezident İlham Əliyev: “Biz fəxr edirik ki, Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri rahat yaşayırlar”

“Biz fəxr edirik ki, çoxmillətli ölkəyik. Biz fəxr edirik ki, Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri rahat yaşayırlar. Onlar fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdır. Onlar həm ölkə daxilində, həm xaricdə ölkəmizin inkişafına çox böyük töhfələr verirlər.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində səsləndirib.
Prezident İlham Əliyev bildirib ki, bizim pravoslav rus icmamız pravoslav rus aləmində Azərbaycanla bağlı həqiqətləri çatdırır, təbliğ edir, izah edir. Bizim yəhudi icmamız bütün dünyada, Avropada, Amerikada, bütün digər ölkələrdə Azərbaycanla bağlı həqiqətləri çatdırır. Bizi xaricdə ən çox dəstəkləyən yəhudi təşkilatlarıdır. Nəyə görə? Çünki birincisi, onların böyük əksəriyyəti Azərbaycandan köçüb gediblər. İkincisi, heç vaxt Azərbaycanla əlaqələri itirməyiblər. Üçüncüsü, onlar bilirlər ki, burada yəhudilər və bütün başqa xalqlar rahat yaşayırlar. Azərbaycanda heç vaxt ksenofobiya, antisemitizm olmayıb və olmayacaq da. Bizim siyasətimiz bundan ibarətdir. Bu, bizim birliyimizi daha da gücləndirir. Biz bütün bayramları bir yerdə qeyd edirik. Şeyx həzrətləri qeyd etdiyi kimi, İmamzadə hər bir müsəlman üçün müqəddəs yerdir. Biz hamımız, bax burada əyləşənlər nəinki orada iştirak etmişik, çıxış etmişik. Mən oraya ölkəmizin hər bir rayonundan nümayəndələr dəvət etmişdim ki, onlar gəlsinlər, o müqəddəs yerin bərpasından sonra açılışında iştirak etsinlər və bizim sözlərimizi eşitsinlər. Orada, müqəddəs yerdə bizim çıxışlarımız artıq bir siqnaldır, cəmiyyətə ünvanlanan bir siqnal. Bax, belə olmalıdır. Ayrı-seçkiliyə, ekstremizmə yol vermək olmaz. Biz ancaq birlikdə ölkəmizi gücləndirə bilərik, ancaq birlikdə xoşbəxt gələcəyə nail ola bilərik. Bizim üçün bu, həm həyat tərzidir, həm dövlət siyasətidir. Bu siyasət Azərbaycan xalqı tərəfindən bəyənilir, dəstəklənir.