16.03.2018
Prezident İlham Əliyev: “Biz çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizlə fərəhlənirik”
“Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, bizim həyat tərzimizdir. Biz çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizlə fərəhlənirik. Bütün dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Hesab edirəm ki, bu, indiki dünyada böyük zənginlikdir.” Bu sözləri Prezident İlham Əliyev VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan artıq bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib: “Onların arasında Bakı Beynəlxalq Humanitar Forumunu, mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Dünya Dini Liderlərinin Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu qeyd etmək olar. Daha sonra - 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bütün bu tədbirlər əməkdaşlığa xidmət edir, körpülər salır, müxtəlif ölkələrin və dinlərin təmsilçiləri, fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin edir”.
Prezident İlham Əliyev onu da qeyd edib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və əsrlər boyu azərbaycanlılar həmin ərazilərdə yaşayıb, yaratmışlar. “Hazırda işğal olunmuş ərazilərimizdə hər şey dağıdılıb, tarixi binalarımız, abidələr, qəbiristanlıqlar, dini abidələr yerlə-yeksan edilib. Bunlar ATƏT-in iki faktaraşdırıcı missiyası tərəfindən işğal olunmuş ərazilərdə qeydə alınıb. Bu, eyni zamanda, mədəni irsimizə qarşı soyqırımıdır”-deyə, dövlətimizin başçısı əlavə edib.