13.05.2017
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimində iştirak edib
Azərbaycan və onun paytaxtı Bakı səbirsizliklə gözlənilən anın – IV İslam Həmrəyliyi Oyunlarının açılışının həyəcan və sevincini yaşadı.
Tamaşaçılar açılış mərasiminin keçirildiyi Bakı Olimpiya Stadionuna daxil olaraq yerlərini tutdular.
Stadionun VİP tribunasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin və digər rəsmi şəxslər əyləşmişdilər.
Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul olunub. 2015-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb. Ötən müddətdə Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara geniş hazırlıq işləri görülüb. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata keçirilib. Tam əminliklə demək olar ki, “Bakı-2017” İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq.
Son illər Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, “Formula 1” kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Odlar Yurdu dünyada artıq idman ölkəsi kimi tanınır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının uğurunu şərtləndirən digər amil məhz bu sahədə qazanılan zəngin təcrübədir.
Azərbaycanın ev sahibi olduğu İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.
İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycanı bu Oyunlarda 425 atlet təmsil edir. Qaliblərə ümumilikdə 1600 medal təqdim ediləcək.
IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçib. AZƏRTAC Oyunların rəsmi media tərəfdaşıdır. “Bakı-2017”nin işıqlandırılmasına agentliyin 70-dən çox əməkdaşı cəlb olunub.
Oyunların proqramına daxil edilmiş 165 idman yarışı üçün 500 mindən çox bilet satışa çıxarılıb. Oyunların su səyahətinin, təntənəli açılış və bağlanış mərasimlərinin təşkilinə 31 ölkədən 5 mindən çox mütəxəssis cəlb olunub. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə ediləcək. “Bakı-2017”nin 24 beynəlxalq və 17 yerli səfiri, 8 yerli və 5 beynəlxalq sponsoru var. Rəsmi talismanlar - “İncə” və “Cəsur” Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının rəmzləridir.
IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan su səyahətinə aprelin 5-də Prezident İlham Əliyevin iştirakı ilə start verilib. Xəzərdən başlayan su səyahəti Azərbaycanın 15 regionunu əhatə etdi.
Prezident İlham Əliyev İƏT-in rəsmi mətbu orqanı olan “OIC Journal” jurnalında dərc olunmuş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində Oyunların əhəmiyyətini belə xarakterizə edib: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır”.
IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib: “Oyunların ölkəmizdə uğurla keçməsinə tam şəkildə hazırıq. Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir. Bunun üçün bütün şərait var. Dövlət tərəfindən dəstək var. Təşkilat Komitəsi çox uğurla çalışıb, komanda var, könüllülər hazırdır. Əminəm ki, ölkəmizin zəngin, şanlı tarixində növbəti mühüm nailiyyəti əldə edə biləcəyik”.
Dörd əsas dəyər - “Birlik”, “Sülh”, “Hörmət”, “Mükəmməllik” dəyərləri üzərində qurulan Oyunlar “Gücümüz həmrəylikdədir” devizi altında keçirilir.
İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Oyunların təşkilini yüksək qiymətləndirərək deyib: “Mən ev sahibliyi edən gözəl ölkənin xalqına və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan idmana çox vurğundur və tədbirə ən yüksək standartlar səviyyəsində ev sahibliyi etməkdə qətiyyətini nümayiş etdirdi. Şübhə etmirəm ki, bu Oyunlar “Bakı-2017”nin təşkilatçılarının və könüllülərinin yorulmaz fəaliyyətinin və sadiqliyinin göstəricisidir və idmançılara öz ustalıqlarını nümayiş etdirmək üçün ən yaxşı şərait yaradılıb”.
Azərbaycanın gənclər və idman naziri, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovun sözlərinə görə, bu axşam keçirilən mərasim unudulmaz birlik və həmrəylik bayramıdır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunları 20 aydan artıq müddət ərzində təfərrüatlı planlaşdırma və hazırlığın zirvə nöqtəsidir. Bakının 16 müasir idman məkanı artıq minlərlə atletin ixtiyarındadır”.
Mərasimlər direktoru və icraçı prodüseri Katrin Uqvu açılış mərasiminin diqqəti dövlətlər və xalqları bir araya gətirən meyarlara yönəltməyə xidmət etdiyini bildirərək deyib: “Bu axşam bəşəriyyətə söyləyəcəyimiz sülh hekayətinin Azərbaycanın mədəniyyətində və adət-ənənələrində dərin kökləri var. İslam sivilizasiyasının vaxtilə bəşəriyyətə verdiyi böyük töhfələr bu gün hər bir istiqamətdə hiss olunur. Bu, ümumi sabahımız üçün nikbinliklə dolu həmrəylik və ümid müjdəsidir. Dünyanın müxtəlif yerlərindən gələn minlərlə insan bu mərasimi reallaşdırmaq üçün uzun aylar çalışıb. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya ən səmimi minnətdarlığımı ifadə edirəm. Onların etimadı və dəstəyi olmadan bu işlərin heç biri mümkün olmazdı. Nəhayət, Azərbaycan xalqına ən dərin minnətdarlığımı bildirirəm. Bu ölkə həqiqətən insan ruhunu ən yaxşı təcəssüm etdirən parlaq ulduzlar ölkəsidir”.
Mərasimin proqramına bədii rəhbər Neytan M.Rayt aydınlıq gətirərək deyib: “Mərasimimizin mərkəzində bakılı qızcığaz – Mina dayanır. Biz Mina və onun dostu çərpələngin köməyi ilə dünyanı kəşf etmək üçün səyahətə çıxırıq. O, yolboyu insanların özünəməxsusluğu və irsi, inancları və arzuları ilə tanış olur. Sonda onun gələcəyə ümidi bütövləşir və artır. Minanın hekayəti insanların qüdrətinin, birliyinin mücəssəməsidir. Onun arzusu sülh və harmoniyanın hökm sürdüyü daha yaxşı dünyadır. Artıq bir ildən çoxdur ki, mən Azərbaycan xalqının xeyirxahlığını və səmimiyyətini hiss edirəm, məni onun bu keyfiyyətləri ilhamlandırır”.
İki il əvvəl keçirilən ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilən möhtəşəm Bakı Olimpiya Stadionu bu axşam ən müasir proyeksiya sistemi ilə təchiz olunmuş böyük səhnəyə çevrilib. Nəhəng səhnənin quraşdırılması altı həftəyə başa gəlib. Açılış mərasiminin hazırlanmasında 31 ölkədən 5 minədək insan, o cümlədən səhnə mütəxəssisləri, texniki heyət və aktyorlar qrupu iştirak edib.
Stadionda hündürlüyü 28 metr olan iki minarə diqqəti ilk baxışda cəlb edirdi. Minarələrin üzərində İslam incəsənətinə xas həndəsi elementlərdən istifadə edilməklə, mərkəzdəki altıbucaqlını bir-biri ilə bağlayan dairələr əks olunub.
Eni 85 metr, hündürlüyü 35 metr olan böyük ekranda real animasiyalardan tutmuş böyük maraq doğuran kinokadrlara qədər bir neçə ay ərzində tərtib edilmiş məzmunca zəngin videoçarxlar nümayiş etdirilirdi.
Nəhəng monitorda İçərişəhərdən havaya qalxan çərpələng görünürdü. Balaca qız Mina və dostları bütün şəhər boyu çərpələngin arxasınca qaçaraq stadiona tərəf gəldilər. Ekranda Alov Qüllələri, Qız Qalası, Filarmoniya Bağı, Heydər Əliyev Mərkəzi, nəhayət Olimpiya Stadionu canlandı.
Stadionda əllərində çərpələng tutan uşaqlar 10-dan 1-ə geriyə saymağa başladılar. Geriyə sayımın bitməsi ilə açılış mərasiminə start verildi.
Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymini və digər qonaqları sürəkli alqışlarla salamladılar.
Stadionda bəstəkar Eldar Mansurovun “Yallı”sı səsləndi. Musiqi sədaları altında səhnəyə 700 könüllü çıxdı. Onlar əllərində parıldayan altıbucaqlı tutmuşdular. Azərbaycan Dövlət Rəqs Ansamblının 10 rəqqasəsi onlara qoşuldu.
Səhnədə aypara və ulduzlar formalaşdırıldı, “Bakı-2017”nin loqosu nümayiş etdirildi. Altıbucaqlar Azərbaycan bayrağına çevrildi.
Aypara İslam təqvimində hər yeni ayın başlanmasını bildirir. Bu, həm də İslam həmrəyliyinin və əməkdaşlığının tarixində yeni fəslin başlanmasına işarədir.
Azərbaycan bayrağı dövlət himninin sədaları altında stadiona gətirildi, Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyasının hərbçiləri tərəfindən dirəyə qaldırıldı.
Bununla eyni vaxtda stadion üzərində Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başladı.
Monitorlarda İslam Həmrəyliyi Oyunları münasibətilə Xəzərdən başlayan su səyahətini və Azərbaycanın gözəl təbiətə malik müxtəlif yerlərindən suyun toplanması mərasimlərini əks etdirən kadrlar göstərildi.
Suları toplayan 16 uşaq səhnəyə çıxdı.
Onlar mis səhənglərdəki suları səhnənin mərkəzindəki böyük siniyə boşaltdılar. Bu zaman uşaqların arxasında pirotexniki şəlalə çağlamağa başladı.
Beləliklə, 2017-ci il aprelin 5-də Bakıda Xəzərdən başlayan su səyahəti Olimpiya Stadionunda başa çatdı.
Xatırladaq ki, 40 gün əvvəl Xəzərdən götürülmüş su Oyunların ruhunu hamıya yaxın etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəmzi olaraq ölkənin bütün guşələrinə göndərilmişdi. Bu müddətdə səyahətçilər 3000 kilometrdən artıq məsafə qət edib, 16 məkandakı 5 göldən, 1 su anbarından, 3 çaydan, 1 bulaqdan, 3 şəlalədən və Xəzər dənizinin ayrı-ayrı sahillərindən su götürərək Bakıya qayıdıblar. Həmin sular bu axşam Bakı Olimpiya Stadionunda qovuşdu.
Nəhayət, atletlərin paradı başladı. Hər bir komanda stadiona öz ölkəsinin bayrağı altında əlifba sırası ilə daxil oldu. İdmançıları əlində lövhə tutan oğlan və mis qabda su daşıyan qız müşayiət edirdi.
Tribunaların önündən ilk olaraq Əfqanıstan, Albaniya, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adalarının komandaları keçdilər.
Komandaların paradını Kot d’İvuar, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qayana, İndoneziya, İran idmançıları davam etdirdilər.
Stadiona İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Maldiv, Mali, Mavritaniya, Mərakeş komandaları daxil oldular.
Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Sierra-Leone idmançıları tribunaların önündən keçdilər.
Növbə Somali, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən komandalarına çatdı.
Tamaşaçılar qardaş Türkiyə idmançılarını xüsusi coşqu ilə salamladılar.
Nəhayət, stadiona Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısının sədaları altında ev sahibi - Azərbaycan komandası daxil oldu. Ölkəmizi Oyunlarda 425 idmançı təmsil edir. Azərbaycan bayrağını beşqat dünya çempionu Rəfael Ağayev aparırdı.
İdmançılarımızın tribunaların önündən keçidi Natiq Şirinov və digər 19 nağaraçının ifası ilə müşayiət olunurdu.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva idmançılarımızı hərarətlə salamladılar.
Bununla da, idmançıların paradı başa çatdı.
Stadiona İslam Həmrəyliyi İdman Federasiyasının bayrağının gətirilməsi mərasimi başladı. Bayrağı stadiona Azərbaycanın Olimpiya, dünya çempionları və mükafatçıları gətirdilər. Onların arasında Sidney, Barselona, Pekin, Afina Olimpiya oyunlarının çempionları Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, Fərid Mansurov, Zemfira Meftahətdinova və başqaları var idi.
Hərbçilər İslam Həmrəyliyi İdman Federasiyasının bayrağını Azərbaycan bayrağının yanında qaldırdılar.
İdmançılar və hakimlər adından taekvandoçu, “Rio-2016” Olimpiya Oyunlarının qızıl mükafatçısı Radik İsayev və boks hakimi, “Afina-2004” Olimpiya Oyunlarının bürünc mükafatçısı Fuad Aslanov and içdilər.
Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin çıxış üçün səhnəyə dəvət olundular.
Xanım Mehriban Əliyevanın çıxışı
-Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi, Zati-aliləri doktor Yusif Əl-Osaymin.
İslam Həmrəyliyi İdman Federasiyasının hörmətli üzvləri.
Zati-aliləri.
İslam aləminin idmançıları.
Xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Azərbaycana xoş gəlmisiniz!
“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarına xoş gəlmisiniz!
Əziz həmvətənlər, biz birliyin və idmanın təntənəsi olan IV İslam Həmrəyliyi Oyunlarını bu axşam fərəh hissi ilə qəbul edirik. Oyunlara ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Bu gün Azərbaycan bütün İslam aləmini qəbul edir. Dörd qitədən gəlmiş minlərlə idmançını və paytaxtımızın qonaqlarını səmimi qəlbdən salamlayır, onlara “Xoş gəlmisiniz” deyirəm! Bütün bu uğurlar münasibətilə gözəl Vətənimizin hər bir vətəndaşını təbrik edirəm və minnətdarlığımı bildirirəm. Qoy, Ulu Tanrı Azərbaycanı qorusun!
Əziz dostlar, 50-dən artıq ölkənin nümayəndəsi bu axşam Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimini qeyd edir. Sizin burada olmağınız bizim üçün şərəfdir. Qardaşlarımız və bacılarımız, Azərbaycan Sizi səmimiyyətlə salamlayır. Mən IV Oyunların keçirilməsini Bakıya həvalə etdiyinə görə İslam Həmrəyliyi İdman Federasiyasına minnətdarlığımı bildirmək istəyirəm.
“Bakı-2017” İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi hadisədir. İdmana yatırdığımız böyük sərmayə dünya səviyyəsində bacarıqları mənimsəməklə, qurğuları və infrastrukturları yaratmaqla gələcək üçün böyük irsi təmin etdi.
Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur. Biz minillikləri əhatə edən mədəniyyətə və güclü İslam ənənələrinə malik qədim diyarıq. Eyni zamanda, biz gənc, müasir və sürətlə inkişaf edən ölkəyik. Ötən il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü qeyd etdi. Ölkəmizin multikultural tarixi açıq, tolerant cəmiyyətimizin ən ülvi hissəsidir. Biz İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərlərini bölüşməkdən fərəhlənirik.
Bu Oyunların qələbə qazanacaq atletlərinin təltif olunacağı medallardan tutmuş möhtəşəm açılış və bağlanış mərasimləri kimi yaradıcı elementləri zəngin mədəniyyətimizi ilhamlandıracaq. Odlar Diyarı Azərbaycan həm də büllur sular ölkəsidir. Bənzərsiz göllərimiz və çaylarımız, şəlalələrimiz və bulaqlarımız, Xəzər dənizimiz əsrlər boyu həyatımızın mənbəyi olub. Ortaq İslam irsimizdə əsas yer tutan və həyat mənbəyi olan bu element Qafqaz dağlarından Xəzər dənizinə qədər ölkəmizin təbii gözəlliyinin və özünəməxsusluğunun mühüm hissəsini formalaşdırır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının rəmzi – su son beş həftə ərzində Xəzərdən başlayan böyük səyahətdə oldu. O, Azərbaycanın bənzərsiz təbiətini dünyaya nümayiş etdirdi, hər kəsə sülh və dostluq müjdəsi gətirərək, insanları ilhamlandırdı.
Əziz dostlar, mən gözəl gənc könüllülərimizin hamısını salamlayıram. Biz sizinlə fəxr edirik. Sizin fədakarlığınız və vurğunluğunuz, xeyirxahlığınız və qətiyyətiniz bu Oyunları mümkün etdi. Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm.
İslam aləminin idmançıları, sizi burada qonağımız kimi görmək olduqca sevindiricidir. Bütün Azərbaycan sizinlədir və sizə böyük uğurlar arzulayır. Bu, sizin Oyunlarınızdır. Gələn on gün ərzində ölkəmiz sizin eviniz olacaq.
Bu axşam mən ölkəmizin bütün nailiyyətlərinə görə qarşınızda fərəh hissi ilə çıxış edirəm. Xalqımızın tərəqqiyə bağlılığı məni ilhamlandırır. Hamımız birgə əldə etdiyimiz nailiyyətlərlə fərəhlənə bilərik. Azərbaycan iki il öncə birinci Avropa Oyunları çərçivəsində bütün Avropa qitəsini bir araya gətirərək tarix yazdı. İndi isə biz dörd qitənin İslam dünyasının insanlarını Bakıda – IV İslam Həmrəyliyi Oyunlarında birləşdiririk.
2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. “Bakı-2017” İslam Həmrəyliyi Oyunları və idmanın qüdrəti xalqlarımızı İslamın dostluq, sülh, tolerantlıq və mərhəmət ruhu altında bir araya gətirib. Gücümüz həmrəylikdədir! Bu ruhlandırıcı mesajı Oyunlarımız Azərbaycanın hüdudlarından çox uzaqlara göndərəcək.
İslam aləminin atletləri, xanımlar və cənablar, əziz dostlar.
“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarına xoş gəlmisiniz!
Azərbaycana xoş gəlmisiniz!