Prezident İlham Əliyev: “Azərbaycanın təqdim etdiyi tolerantlıq nümunəsi dünyada münaqişələrin aradan qaldırılmasına xidmət edir”
Papa Fransisk: "Bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir"
“Papa Fransiskin Azərbaycana səfəri dünyada sivilizasiyalar və dinlər arasında münasibətlərin daha da inkişaf etdirilməsində xüsusi rol oynayan ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu baxımdan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib”. Bu fikirləri Prezident İlham Əliyev Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşdə səsləndirib.
Dövlət başçısı qeyd edib ki, ölkəmiz bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına çalışır və bu baxımdan dünyaya nümunədir. “Azərbaycanın təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi dünyada münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir”,-deyə Prezident İlham Əliyev vurğulayıb.
Qeyd edək ki, Papa Fransisk Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, xalqımızın rifah içərisində yaşadığını qeyd edən ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərə toxunub. Bildirib ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir.
(AZƏRTAC)