18.02.2016
Prezident İlham Əliyev: “Azərbaycanda multikulturalizm yaşayır”
“Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, yenidən tikilir. Müstəqillik dövründə 2 minə yaxın məscid, digər dinlərin məbədləri tikilmişdir. Pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri həyata keçirilmişdir. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. 2014-cü ildə ölkəmizin ən böyük məscidi – Heydər Məscidi tikilmişdir ki, bu da müsəlman aləminin mühüm tarixi, memarlıq və dini abidəsidir.”
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində ictimaiyyət nümayəndələri və din xadimləri ilə görüşdə deyib.
Prezident İlham Əliyev vurğulayıb ki, bütün bu işlərin bir məqsədi var ki, ilk növbədə, ölkəmizin uğurlu inkişafı təmin edilsin, Azərbaycanda yaşayan bütün insanlar özlərini rahat hiss etsinlər, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilsin, dünya miqyasında Azərbaycanın rolu və bizə olan hörmət, inam, rəğbət daha da artsın.
Ancaq bir daha demək istəyirəm, əgər dini zəmində bu qarşıdurma və təbliğat davam edərsə, gələcəkdə biz çox böyük problemlərlə üzləşəcəyik.
Azərbaycan, əlbəttə ki, dünya miqyasında o qədər də böyük ölkə deyil. Ancaq bizim sözümüzün böyük mənası və çəkisi var. Ona görə, şəxsən mən bütün bu məsələlərlə bağlı Azərbaycanın mövqeyini dünya birliyinə çatdıranda, eyni zamanda, bunun həll yollarını da göstərirəm. Həll yolları da Azərbaycan nümunəsidir. Nə üçün bu gün bəzi ölkələrdə deyirlər ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizmin gələcəyi yoxdur? Bu, səhv bir fikirdir. Baxın, Azərbaycanda multikulturalizm yaşayır. Baxın, o qədər də böyük müstəqillik tarixi olmayan, böyük çətinliklərlə üzləşən və işğala məruz qalan, heç vaxt bu işğalçının dini mənsubiyyətinə işarə vurmayan ölkə görün, bu məsələləri necə tənzimləyir. Nəyə görə? Çünki dövlət siyasəti aparılır. Bir daha demək istəyirəm, dövlət siyasəti əsas rol oynayır. Digər tərəfdən, bizim din xadimlərimiz bu istiqamətdə çox böyük rol oynayırlar. Xüsusilə şeyx həzrətlərinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. O, həm ölkə daxilində, həm MDB məkanında, dünyada Azərbaycanı tolerant, bütün dinlərin birgə yaşadığı ölkə kimi təqdim edir. Bizim digər din xadimlərimiz, - onlar burada əyləşiblər, - bu gün çıxış edəcəklər. Mən onların fəaliyyətini yüksək qiymətləndirirəm. Onların da çoxsaylı xarici səfərləri olur. Bu səfərlərdə də onlar sadəcə olaraq Azərbaycan reallıqları haqqında danışırlar. Yəni, bu, əsas amildir. Eyni zamanda, Azərbaycanın bu modelinin təməlində əlbəttə ki, ictimai fikir də dayanır. Azərbaycan ictimaiyyəti də bu siyasəti tam dəstəkləyir.