Prezident İlham Əliyev: “Azərbaycanda dini-milli zəmində heç vaxt ayrı-seçkilik olmayıb”
Dövlət başçısı: “Biz həmişə milli-mənəvi dəyərlərə sadiq olmuşuq”
“Son illər ərzində dünyada, bizim regionumuzda, MDB məkanında, Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir. Biz bunu gündəlik formatda televiziyadan başqa, kütləvi informasiya vasitələrindən görürük, izləyirik. Münaqişələr, qanlı toqquşmalar, müharibələr alovlanır, milyonlarla yeni köçkün dalğası yaranır”. Bu fikirləri Prezident İlham Əliyev Real TV-yə müsahibəsində bildirib. Dövlət başçısı vurğulayıb ki, ölkələr arasında ziddiyyətlər kəskinləşir, müttəfiqlər arasında münasibətlər pozulur. Yəni, biz dünyanın müxtəlif yerlərində bunu görürük. “Təhdidlər, risklər artır. Bütün bu mənfi mənzərə fonunda, əlbəttə ki, Azərbaycanın tutduğu mövqe daha da böyük maraq doğurur, özünə daha da böyük rəğbət qazandırır. Çünki sabitlik dövründə deyə bilərlər ki, elə hər yerdə sabitlikdir. Amma bu gün, qeyd etdiyiniz kimi, Azərbaycan bu coğrafiyada sabitlik məkanıdır.”-, deyə Prezident İlham Əliyev əlavə edib. Ölkə başçısı bunun səbəblərini də açıqlayıb: “Bunun bir çox səbəbləri var, ilk növbədə, hesab edirəm ki, bizim düzgün siyasətimiz, digər tərəfdən, Azərbaycanda bütün xalqların, bütün konfessiyaların bir ailə kimi yaşaması, dini-milli zəmində heç vaxt ayrı-seçkiliyin olmaması. Bu, həm bizim siyasətimizdir, həm də ki, xalqdan gələn bir niyyətdir, təşəbbüsdür, sifarişdir, eyni zamanda, aparılan işlərə xalq tərəfindən göstərilən dəstəkdir. Əsas səbəblər, məncə, bunlardan ibarətdir”.
Prezident İlham Əliyev onu da deyib ki, biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq öz milli mənliyimizi qorumuşuq: “Halbuki bu, çətin idi. Nəyin hesabına? İlk növbədə, ona görə ki, biz həmişə milli-mənəvi dəyərlərə sadiq olmuşuq, həmişə Azərbaycan dəyərlərini qorumuşuq”.