Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.09.2020

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib

Dövlət başçısı: "Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!”

 

“Bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan bizim mövqelərimiz atəşə tutuldu və eyni zamanda, yaşayış məntəqələrimiz, kəndlərimiz atəşə tutuldu. Qeyd etdiyim kimi, mülki əhali arasında itkilərimiz var. Bu, bir daha Ermənistanın, Ermənistan faşizminin eybəcər sifətini göstərir. Çünki dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist dövlətlərə aid ola bilər və birinci dəfə deyil, Tovuz hadisələrində, ondan sonra digər hadisələrdə, Xocalı soyqırımı erməni vəhşiləri tərəfindən əliyalın dinc əhaliyə qarşı törədilmişdir və bu dəfə də Ermənistanın əsas hədəfi bizim yaşayış məntəqələrimizdir. Onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, cəbhəboyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın. Amma tam qətiyyətlə deyə bilərəm ki, - bu gün səhər mən bütün bölgələrdən, cəbhəyanı bölgələrdən məlumat almışam, - Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər” Bu fikirləri Prezident İlham Əliyev sentyabrın 27-də keçirilən Təhlükəsizlik Şurasının iclasında bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı keçirir. “Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. Prezident Administrasiyasına, eyni zamanda, Müdafiə Nazirliyinə göstəriş verildi ki, əhali müntəzəm olaraq hadisələrin gedişatı ilə bağlı məlumatlandırılsın. Onu deyə bilərəm ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm! Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”-,deyə ölkəmizin Prezidenti əlavə edib.

Prezident İlham Əliyev onu da diqqətə çatdırıb ki, biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur: "Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik. Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!”

(AZƏRTAC)