Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.05.2021

“Pandemiya şəraitində dini mərasim, ayin və tədbirlərin təşkili” adlı onlayn seminar-treninq keçirilib

Mayın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin, Balakən Rayon İcra Hakimiyyətinin (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Pandemiya şəraitində dini mərasim, ayin və tədbirlərin təşkili” adlı onlayn seminar-treninq keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Vüqar Məmmədov, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Balakən rayonunda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak edib.

Çıxışlar zamanı vurğulanıb ki, aylardır bütün dünyada ölümcül təhdid olan, hələ də səngiməyən koronavirus pandemiyasının aradan qaldırılması yönündə dövlətimiz böyük səylə çalışır, bütün lazımi tədbirlər görülür. Bildirilib ki, ölkə üzrə kütləvi halda dini mərasim, ayin və tədbirlərin, Ramazan ayında kütləvi halda iftar süfrələrinin təşkil edilməsi xəstəliyə yoluxma təhlükəsinin artmasına səbəb olar. Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qaydalarına, DQİDK və QMİ rəhbərliyinin tapşırıq və tövsiyələrinə əməl edilməsinin vacibliyi qeyd edilərək bildirilib ki, dinimizdə də müqəddəs dəyərlərdən biri olan insan həyatının qorunması üçün atılan bütün bu addımlarda həmrəylik nümayiş etdirilməlidir. Dini mərasimlərin hər bir vətəndaşın evlərində qeyd olunması, digər icma üzvləri və dindarlar arasında sosial şəbəkələr vasitəsilə bu haqda maarifləndirmə işlərinin davam etdirilməsi tövsiyə edilib.

Təbirin yekununda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.