Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.09.2017

Ölkəmizdə sülh və əmin-amanlığın yaradılmasının əsasını Ulu Öndər Heydər Əliyev qoyub

Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Tərtər rayonunda “Beynəlxalq Sülh Günü” münasibəti ilə tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı P.Eyvazov “Dünyanı sülh xilas edəcək” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, ölkəmizdə sülh və əmin-amanlığın yaradılmasının əsasını Ulu Öndər Heydər Əliyev  qoyub. Hazırda isə onun sülhpərvər siyasətini Prezidentimiz İlham Əliyev uğurla davam etdirərək, həm ölkəmizdə sülh və sabitliyin qorunmasına, həm də dövlətimizin xarici ölkələrlə dostluq və qardaşlıq əlaqələri qurmasına layiqlə xidmət edir.
P.Eyvazov qeyd edib ki, Prezident cənab İlham Əliyevin insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Planının təsdiq olunması haqqında Sərəncamında əhalinin hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyə yol verilməməsi, sülh və dözümlülüyün daha da möhkəmləndirilməsi, xalqın milli-mənəvi dəyərlərinin təbliği tövsiyə olunur.
Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov isə bildirib ki, Azərbaycanda tarixən dindarlar əqidəsindən asılı olmayaraq sülhün tərənnümçüsü olub, daim tolerantlıq ənənələrini yaşadıb və müasir dövrdə də milli-mənəvi dəyərlərimizin tərkibi kimi bu ənənələri davam etdirirlər.
Daha sonra tədbir diskussiya şəklində davam edib.