26.08.2016
Oğuzda “Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirilib
Avqusutun 26-da Oğuz rayonunda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşəbbüsü ilə “Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Oğuz Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Yusif Naxçıvanski, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şəki-Oğuz rayonları üzrə səlahiyyətli nümayəndəsi Kamran Məmmədov, dini icma sədrləri, rayon ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər.
Əvvəlcə Oğuz RİH başçısının müavini Yusif Naxçıvanski rayondakı dini durum barədə məlumat verib. Qeyd edib ki, Oğuz rayonu etnik və dini tərkibinə görə Azərbaycanın ən unikal bölgələrindən biridir. Rayonda müsəlman, xristian və yəhudi dinlərinin mənsubları, eləcə də müxtəlif millətlərin nümayəndələri qədim zamanlardan bəri sülh və qardaşlıq şəraitində yaşayırlar.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkəmizdə mövcud dövlət-din münasibətlərindən, dövlətin dini sahəyə göstərdiyi qayğı və diqqətdən, milli-mənəvi və dini dəyərlərin təbliği və inkişafı istiqamətində görülən işlərdən danışıb. Natiq daha sonra müsəlman aləmini və bütün dünya ictimaiyyətini narahat edən dini radikalizmdən, İslam coğrafiyasında baş verən münaqişələrin əsasında radikal dini ideyaların dayanmasından, dini radikalizmə qarşı mübarizənin əhəmiyyətindən və metodlarından geniş söhbət açıb. Komitə rəsmisi dini radikalizmə qarşı mübarizədə dini icmaların, din xadimlərinin üzərinə düşən vəzifələr haqqında danışıb.
Daha sonra QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov mövzu ilə bağlı çıxış edərək öz fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.