Oğuzda “Cəmiyyəti dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib
Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Oğuz rayonu Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Anar Əfəndiyev adına Oğuz rayonu Kərimli kənd tam orta məktəbində “Cəmiyyəti dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Oğuz rayonu Təhsil şöbəsinin nümayəndəsi Emin Əzimli, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin təlim və tərbiyə işləri üzrə direktor müavini Mirfazil Salehov bu kimi maarifləndirici tədbirlərin zəruriliyini vurğulayıb.
Təhsil şöbəsinin nümayəndəsi E. Əzimli dinlərin yaranma və inkişaf tarixindən söz açaraq din pərdəsi altında gizlənmiş məkirli qüvvələrin məqsədi, fəaliyyəti, iş metodları, real təhlükəsi barədə dinləyicilərə etraflı məlumat verib.
Daha sonra çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı S. Salehov mövzunun əhəmiyyətini vurğulayaraq gəncləri radikal dini cərəyanların qurbanına çevrilməkdən qorumağın zəruriliyindən danışıb. O bildirib ki, hər kəs, xüsusilə gənclər mənəvi dəyərlərimizi və tarixi etiqadımızı doğru şəkildə öyrənməlidirlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara cavab gətirilib.