Oğuz rayonunda“Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə olunub
Oktyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Oğuz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib.
Dövlət Komitəsi və Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gənclərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan RİH-ın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Ayaz Ağayev rayondakı dini durum barədə məlumat verib. Qeyd edib ki, Oğuz rayonu etnik və dini tərkibinə görə Azərbaycanın ən unikal bölgələrindən biridir. Rayonda müsəlman, xristian və yəhudi dinlərinin mənsubları, eləcə də müxtəlif millətlərin nümayəndələri qardaşlıq və sülh şəraitində yaşayırlar.
Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov vurğulayıb ki, insanlara, xüsusilə gənclərə lazımi dini biliklərin sistemli şəkildə verilməməsi onların dini radikalizmin, xurafatın təsirinə düşmə ehtimalını artırır. Sədr müavini dini maarifləndirmənin önəminə toxunaraq deyib ki, gənc nəslin tərbiyəsində maarifçilik işi böyük əhəmiyyət daşıyır. Gündüz İsmayılov ümumtəhsil məktəblərində milli-mənəvi, o cümlədən dini dəyərlərimizlə bağlı biliklərin dərinləşdirilməsi və şagirdlərin bu sahə üzrə məlumatları daha etibarlı mənbələrdən almalarının vacibliyinə də toxunub.
Dövlət Komitəsinin sədr müavini Prezident İlham Əliyevin milli-dini dəyərlərimizə, diqqət və qayğısından, eləcə də DQİDK-nın digər orqanlarla birgə respublikamızda həyata keçirdiyi maarifləndirmə tədbirlərindən danışıb. Onu da bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və gənclər arasında təbliği istiqamətində hər kəs, o cümlədən müəllimlər fəallıq nümayiş etdirməlidirlər.
Eyni zamanda, tədbirdə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov mövzu ilə bağlı çıxış ediblər.
Seminar-treninq işini müzakirələrlə davam etdirib.