03.11.2016
Oğuz rayonunda “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir keçirilib
Noyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon İcra Hakimiyyəti və Oğuz Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Oğuz şəhər 1 saylı orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev, Taleh Abdullayev, Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Sərdar Nəbiyev, Oğuz Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rövşən Salehli, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev çıxış edərək bildirib ki, gələcəyimiz olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsi olaraq uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülüb.
Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sərdar Nəbiyev qeyd edib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb. Son illər uşaqların müasir tələblər səviyyəsində təlim-tərbiyəsinin daha da yüksəldilməsi üçün lazımi şərait yaradılıb, bu istiqamətdə mühüm tədbirlər reallaşdırılıb.
Oğuz rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rövşən Salehli mövzu ilə bağlı çıxış edərək Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə əsaslanan dövlət uşaq siyasəti çərçivəsində cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması və digər məsələlərlə bağlı qəbul edilmiş dövlət proqramları haqqında söhbət açıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
.jpg)

