31.05.2017
Oğuz rayonunda növbəti maarifləndirici tədbir baş tutub
Mayın 31-də Oğuz rayonu Qumlaq kənd tam orta məktəbində Oğuz rayon Bayan kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Dini radikalizm İslam həmrəyliyinə və birgəyaşayış ənənəsinə təhdiddir” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev, Bayan kənd məscidi dini icmasının sədri Arif Nəzərov, icma üzvləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bayan kənd məscidi dini icmasının sədri Arif Nəzərov layihə barədə məlumat verib. Eyni zamanda İslamın hər zaman sülh və həmrəylik dini olması barədə danışıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev “İslam dinində orta yol” mövzusunda çıxış edərək dini radikalizmin din və məzhəb ayrı-seçkiliyinə təhdid yaratdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, müasir dünyanın mübtəla olduğu radikalizm, islamofobiya və irqçilik bəlalarına qarşı mübarizə yolunda hər birimiz düzgün addım atmalıyıq.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında keçirilib.