Oğuz rayonunda “Milli və dini həmrəyliyin Vətən müharibəsində rolu” mövzusunda onlayn tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon Gənclər İdman idarəsi, Şəki Regional Mədəniyyət idarəsi, Oğuz Rayon Mərkəzi Kitabxanası və Oğuz Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Oğuz rayonunda “Milli və dini həmrəyliyin Vətən müharibəsində rolu” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə DQİDK–nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, şöbənin əməkdaşı Samir Salehov, Oğuz Rayon Gənclər və İdman idarəsinin rəisi Ramiz Mahmudov, Şəki Regional Mədəniyyət idarəsinin, Oğuz Rayon Təhsil Şöbəsinin əməkdaşları, həmçinin rayonda yaşayan milli azlıqların mənsubları və rayon gəncləri iştirak ediblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsinin xalqımızın parlaq qələbəsi ilə başa çatmasından, uzun illər düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımızın mənfur düşməndən azad edilməsindən bəhs olunub. Bildirilib ki, bu müharibədə ölkəmizdə yaşayan müxtəlif xalqların və dinlərin mənsubları olan azərbaycanlılar yüksək həmrəylik və birlik nümayiş etdirdilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
