“Nizami Gəncəvi yaradıcılığında humanizm ideyaları” mövzusunda tədbir keçirilib
İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı və Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimlərinin iştirakı ilə “Nizami Gəncəvi yaradıcılığında humanizm ideyaları” mövzusunda onlayn seminar-treninq keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Sabirabad və Saatlı RİH-in nümayəndələri, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, eləcə də bölgədə fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov Azərbaycan poeziyasının klassiki, orta əsrlərin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış zəngin yaradıcılığı haqqında geniş məlumat verib. Qeyd edib ki, mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Daha sonra çıxış edənlər cari ilin “Nizami Gəncəvi İli” elan edilməsinin Azərbaycan xalqına, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü olduğunu qeyd ediblər. Bildirilib ki, milli-mənəvi dəyərlərə hörmət Ulu Öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkib hissələrindən idi.
Seminar-treninq müzakirələrlə davam etdiriib.
