Şriftin ölçüsü:

Saytın rəngi:

27.01.2015

Nicat Məmmədli: “Tük axtaranlar” və ya Sizə nə lazımdır, xanım Kosman?

Dini etiqad azadlığının insan hüquq və azadlıqları sisteminin fundamental anlayışlarından biri olması şübhəsizdir. Lakin çox təəssüf ki, “din (dinsizlik) azadlığı” tarix boyu dünyanın taleyini öz mənafelərinə uyğun yönəltməyə çalışan güclərin əlində alətə çevrilmişdir. Qüvvələr balansının dəyişdiyi tarixi məqamlarda “dini azlıqların” hüquqlarının müdafiəsini bəhanə edərək digər dövlətlərin daxili işlərinə kobud müdaxilə, hətta beynəlxalq hüquqi müstəvidə humanitar intervensiyaya haqq qazandırmaq səviyyəsinədək çatdırılmışdır.
Müasir beynəlxalq münasibətlər sisteminin əsasını təşkil edən prinsiplərə görə dövlətlər öz suverenliyinin bir hissəsini ümumbəşəri sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə yalnız həmin dövlətlərin qarşılıqlı razılığı və könüllü iradəsi ilə yaradılmış bəzi dövlətüstü qurumlara, xüsusən də beynəlxalq təşkilatlara güzəştə gedirlər. Belə çoxtərəfli razılaşmada iştirak, həmçinin, qarşılıqlı öhdəliklər də yaradır ki, iştirakçı dövlətlər həmin öhdəliklərin yerinə yetirilməsində məsuliyyət daşıyırlar. Lakin heç bir uğurlu dövlət öz suverenliyini başqa dövlətə öz iradəsi ilə güzəştə getmir. Buna görə də, hər hansı dövlətin özünə “dünya polisi” haqqını tanıması beynəlxalq birgəyaşayışın fundamental prinsipləri ilə tərs düşür. Hətta bu dövlət ABŞ olsa belə. Təəssüf ki, ABŞ yuxarıda göstərilən bu elementar məntiqi qəbul etmək istəmir. Özünə insan hüquqlarının gözətçisi və başqalarını tənqid edə bilmək hüququ tanıyan ABŞ, həm də beynəlxalq hüququn ən universal və “müqəddəs” sənədlərindən olan “Uşaq hüquqları haqqında Konvensiya”nı ratifikasiya etməyən 3 dövlətdən biridir. Əslində, bu ölkə “Sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqları haqqında BMT Konvensiyası”, “İnsan alveri və fahişəliyin üçüncü səxslər tərəfindən istismarına qarşı BMT Konvensiyası”, “Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında BMT Konvensiyası” və s. kimi onlarla insan hüquqlarına dair beynəlxalq hüquqi aktları ratifikasiya etməməsinə, insanlıq əleyhinə və müharibə cinayətlərinin, həmçinin, soyqırım cinayətinin təqib olunması məqsədilə BMT-nin yaratdığı ən böyük qurum olan Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmamasına görə bütün dünya ictimaiyyətinin tənqid hədəfinə çevrilməlidir.
ABŞ-ın bəzi siyasi dairələrinin sifariş etdiyi musiqini oynayan bir sıra dövlət və qeyri-dövlət qurumları yenə də öz amplualarındadır. Belə qurumlardan biri də ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasıdır (BDAK). Bu qurum hər il bir neçə ölkədə din azadlığının vəziyyəti ilə bağlı hesabat hazırlayır. 2014-cü ildə BDAK-ın hesabatına düşməkdə “bəxti gətirmiş” dövlətlərin sayı 34 olmuşdur. Azərbaycan da onların sırasındadır. Bu yaxınlarda isə BDAK-ın keçmiş Sovet republikaları üzrə məsul olan siyasi təhlilçisi Katrin Kosman müsahibə verərək Azərbaycanda din azadlığının vəziyyəti ilə bağlı əsassız, bəzən isə absurd həddə məntiqsiz görünən tənqidi fikirlər səsləndirmişdir. Xanım Kosmanın fikirləri və ümumiyyətlə, BDAK-ın hesabatında Azərbaycanda din azadlığının vəziyyəti ilə bağlı yer almış fikirlər konseptual yoxsulluğu, praktiki uyğunsuzluğu və ən təzadlısı qərəzliliyi ilə xüsusi seçilir. 
Xanım Kosmanın ilk “evrika”sı bundan ibarətdir ki, Azərbaycan Respublikasının Dini Etiqad Azadlığı haqqında Qanunu 1992-ci ildə qəbul edildikdən sonra 14 dəfə dəyişdirilmiş, hər dəyişiklik qanunun müddəalarını sərtləşdirmiş və guya, insanların din azadlığının məhdudlaşdırılmasına səbəb olmuşdur. Bu iddia istər dövlətin daxili qanunvericilik sisteminin məntiqinə, istərsə də beynəlxalq hüquq prinsiplərinin tarixi dinamikasına münasibətdə yüngül ifadə ilə “tənqid” olduğu üçün çox uğursuz seçilmişdir. Məlumdur ki, istənilən qanun cəmiyyətin inkişafı prosesində təkmilləşməyə məhkumdur. Nəzərə alsaq ki, Dini Etiqad Azadlığı haqqında qanun Azərbaycanın yenicə müstəqillik əldə etdiyi daxili təbəddülatlar və xarici təhdidlərlə zəngin illərdə effektiv dövlət təcrübəsi olmayan bir ölkədə qəbul edilmişdir, onda bu qanunun xanım Kosmanın dediyi kimi 14 dəfə deyil, əslində 15 dəfə dəyişdirilməsi tamamilə məntiqidir. Əslində, 22 illik bir dövrdə din kimi dinamik ictimai sferaya aid qanunda daxili ictimai-siyasi dinamika və beynəlxalq çağırışlarla səsləşən dəyişikliklərin edilməməsi tamamilə məntiqsiz görünər və daha ciddi neqativ nəticələr verə bilərdi. Eyni zamanda, din azadlığı ilə bağlı qanunvericilik təkcə bizim ölkəmizdə ciddi dəyişikliklərə uğramamışdır. Zamanın tələblərinə uyğun olaraq bu sahədə həm müxtəlif ölkələrin milli qanunvericiliyində, həm də ümumilikdə bu konsepsiyanın siyasi-hüquqi düşüncə və praktikadakı konseptual mahiyyətində ciddi transformasiyalar yaranmışdır. Din azadlığı konsepsiyasının özü kifayət qədər ziddiyyətli təkamül yolu keçmiş və həlledici tarixi anlarda fundamental şəkildə dəyişdirilmişdir.
XIX əsrdə Osmanlı dövlətinin zəifləməsindən istifadə edən Avropa dövlətləri “din azadlığı” ideyasından növbəti dəfə yararlanmağa çalışdılar. Osmanlı imperiyasında tətbiq edilmiş “millət” idarəetmə sistemi müxtəlif dini qruplara (qeyri-müsəlman) əhəmiyyətli dərəcədə muxtariyyət və özünüidarə hüququ tanımışdır. Lakin 1878-ci ildə imzalanmış Berlin müqaviləsi ilə Avropa dövlətləri “din azadlığı”nı Avropanın yeni meydana gəlmiş dövlətləri üçün az qala mövcudluq şərti kimi təsbit etdilər və həm bu dövlətlərdə, həm də Osmanlı imperiyasında din azadlığının və dini bərabərliyin pozulmasının humanitar intervensiya ilə nəticələnə biləcəyini beynəlxalq hüquq normaları ilə şərtləndirdilər. Bununla da “azlıqların hüquqları” hüququn dominant prinsipinə çevrildi. Bu yanaşmanın konseptual impotentliyi və azlıqların hüquqlarının müdafiəsini təmin edə bilməməsi II Dünya müharibəsində yəhudilərə qarşı törədilmiş soyqrımla sübut olundu. 
II Dünya müharibəsindən sonra Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunması ilə dünyada fundamental insan hüquqlarının qorunması sahəsində yeni baxışlar ortaya çıxdı ki, bu da insan hüquqlarına universal yanaşmanı əks etdirirdi. Lakin 2001-ci il 11 sentyabr hadisəsi insan hüquqlarına yeni baxışın meydana çıxmasını şərtləndirdi. Dünyanın siyasi düzənində ciddi dəyişikliyə səbəb olmuş bu terror hadisəsinin dini nüanslar daşıdığını nəzərə alsaq insan hüquqlarına yeni baxışın xüsusilə din azadlıqlarına yönəlməsi və təsiri də anlaşılandır. Məsələn, elə ABŞ-ın özündə demək olar ki, əksər ekspertlər tərəfindən birmənalı şəkildə insan hüquqlarının dövlət tərəfindən kobud şəkildə məhdudlaşdırılmasına rəvac verən qanun olaraq qiymətləndirilən və hamının “vətənpərvər aktı” kimi tanıdığı “Terrorizmin qarşısını almaq üçün müvafiq vasitələrlə Amerikanın birləşdirilməsi və möhkəmləndirilməsi aktı” qəbul edildi. Bu qanunvericilik aktı ABŞ vətəndaşlarının özəl həyatlarına xəbərdarlıq edilmədən müdaxilə ilə yanaşı, insanın ən ali təbii hüquqi olan azadlıq hüququnun da kobud şəkildə pozulması üçün şərait yaratdı. Belə ki, həmin qanuna əsasən terrorda şübhəli bilinən hər hansı ABŞ vətəndaşı olmayan şəxs məhkəmə olmadan “terrorla müharibə başa çatanadək”, daha doğrusu isə qeyri-müəyyən müddətə qədər həbsdə saxlanıla bilər. 
ABŞ hökuməti qanunun sərtləşdirilməsini və insan hüquqlarının məhdudlaşdırılmasını terrorizmin qarşısının alınması və milli maraqların təmin edilməsi vasitəsi kimi təqdim edir. Deməli milli maraqlara təhdidlər və beynəlxalq terrorizm təhlükəsi ABŞ qanunvericiliyinin ən sərt şəkildə dəyişdirilməsi üçün əsas ola bilir.
Azərbaycan Respublikasının Dini Etiqad Azadlığı haqqında qanununda edilmiş düzəlişlər ölkədaxili ictimai dəyişiklikləri əks etdirməklə yanaşı, müasir dünyada artan və potensial təhlükə mənbəyinə çevrilən radikalizm meyillərinin önlənməsi məqsədi daşıyır. Bir çox dəyişikliklər isə sözügedən qanunun dünya praktikasındakı mövcud meyilləri əks etdirməsi zərurətindən doğur. Məsələn, BDAK-ın xüsusi tənqidlə yanaşdığı məsələlərdən biri qanunda dini icmaların qeydiyyatdan keçməsi üçün zəruri üzvlərin sayının 50 nəfərə qaldırılmasıdır. Məsələnin paradoksal tərəfi ondadır ki, hətta bu dəyişiklikdən sonra belə Azərbaycan qanunvericiliyi bu sahədə dünyanın bir çox demokratiya beşiyi sayılan ölkələrindən irəlidədir. Məsələn, Belçikada dini icmanın qeydiyyatı üçün 10 000, Avstriyada 300, Polşada 100 nəfər, Almaniyada əyalət əhaləsinin 0,1 faizi, Rumıniyada isə bütün ölkə əhalisinin 0,1 faizinin üzvlüyü zəruridir. Nədənsə adı BDAK tərəfindən dini etiqad azadlığının pozulduğu 34 ölkə sırasında çəkilməyən Ermənistanda isə qanunvericiliyin tələbinə əsasən dini icma 100 nəfər üzvü olduğu halda qeydiyyat üçün müraciət edə bilər. Göründüyü kimi, Azərbaycanda dini icmaların qeydiyyatdan keçməsi üçün zəruri üzvlərin sayının Avropa ölkələrindəkinə nisbətən dəfələrlə aşağı olmasına baxmayaraq, xanım Kosmanın və onun mənsub olduğu BDAK-ın tənqidinə məhz bizim ölkəmiz tuş gəlir. 
Nədənsə BDAK dövlət məktəblərində hicabı qadağan etmiş Fransa, Belçika, Almaniya və İsveçrə kimi ölkələri din azadlığı ilə bağlı vəziyyətin xüsusi narahatlıq doğurduğu dövlətlər siyahısına aid etmir. Fransada hicabın təkcə dövlət məktəblərində deyil, hətta universitetlərdə də qadağan edilməsi, Fransa və Belçikada niqabın ictimai yerlərdə tamamilə yasaq edilməsi, Avropa İttifaqı üzvləri olan Lüksemburqda və İsveçdə, həmçinin, İsveçrə, Norveç, İslandiya və Polşada dini qurbanların kəsilməsinə tətbiq edilən məhdudiyyətlər Katrin Kosmanın onları tənqid etmək, BDAK-ı isə həmin ölkələri din azadlığının pozulduğu 34 dövlətin sırasına əlavə etmək üçün əsas deyil. Belə ikili standartların açıq-aşkar institusional tətbiqi azmış kimi, xanım Kosman guya Azərbaycanda universiterlərdə hicaba qadağalar qoyulması barədə ağ yalanlar səsləndirməkdən də çəkinməmişdir. 
Ölkəmizdə dini durumun tamamilə yanlış interpretasiyası və mövcud faktlara qərəzli yanaşma xanım Kosmanın sərgilədiyi mövqeni hələ tam açmır. O, həmçinin, alogizmin apogeyi sayıla biləcək təhlili nəticələr də çıxarır. Guya Azərbaycanda iddia olunan məhdudiyyətlərin səbəbi ölkənin siyasi dairələrinin dini fəaliyyəti təhdid kimi qiymətləndirmələridir. 
Birincisi, Azərbaycanda ictimai-siyasi vəziyyətə az-çox bələd olan hər kəsə yaxşı məlumdur ki, bizim ölkəmiz siyasi İslamın sosial dayaqlardan məhrum olduğu nadir müsəlman ölkələrindən biridir. Ümumiyyətlə, Azərbaycanda siyasiləşmiş və mövcud siyasi oyun qaydalarını pozmaq niyyətində olan antisistem dini qruplaşmaları mövcud deyildir. 
İkincisi, bu gün Azərbaycan dövlətinin qarşısına qoyduğu əsas məqsədlərdən biri dini və etnik dözümlülüyə, bərabərhüquqlu birgə yaşayışa əsaslanan, yüzilliklər ərzində formalaşmış zəngin mənəvi mədəniyyəti qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdəki dinlər və etnik qruplar arasındakı münasibətlər Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmlənmiş, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Təkcə bir faktı qeyd edim ki, Sovet dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərdiyi halda hazırda bu rəqəm 2 mini keçmişdir.
Ümummilli Lider Heydər Əliyevin alternativsiz siyasi xəttini uğurla və uzaqgörənliklə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hazırda ölkədə dini etiqad azadlığının və multi-mədəni harmoniyanın təminatçısı və himayədarı olduğu xüsusi qeyd edilməlidir. Onun böyük tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirməsi dövlətimizin məqsədyönlü siyasətinin tərkib hissəsidir. Azərbaycanda İslam dini ilə bağlı tarixi abidələr, məscid və ziyarətgahlarla bərabər, xristian və iudaizm məbədlərinin tikintisi və bərpası bütün dünyaya nümunə göstəriləcək həqiqətdir.
Qeyd edim ki, cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi ilk on ildə - 2003-2013-cü illərdə 136 məscid inşa olunmuş, 200-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılmış, o cümlədən, dövlət vəsaiti hesabına 10 məscid tikilmiş və ya əsaslı bərpa olunmuşdur. Bunlarla yanaşı, 2008-ci ildə Bakıda katolik kiləsinin açılışı olmuş, 2011-ci ildə şəhərin mərkəzində Dağ yəhudiləri üçün dövlət hesabına sinaqoq inşa edilmiş, ölkədəki əksər kilsə və sinaqoqlarda dövlət hesabına bərpa işləri həyata keçirilmişdir. Hazırda ölkədə 2 mindən çox məscid, 13 kilsə və 6 sinaqoq fəaliyyət göstərir.
Bu sahədə UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ardıcıl və təqdirəlayiq fəaliyyətinin də xüsusi rolu var. Milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verən Fondun bir sıra məscid və ziyarətgahları bərpa və təmir etməklə yanaşı, xristian və yəhudi abidələrinin bərpasına xüsusi diqqət yetirməsi təqdirəlayiq haldır. 
Məhz Azərbaycan Respublikasının siyasi rəhbərliyinin iradəsi ilə hər il dini icmaların inkişafı üçün 2,5 milyon manat pul vəsaiti ayrılır. Halbuki, dünyəvi demokratik dövlətlərin tam əksəriyyətində belə bir praktika yoxdur.
Eyni zamanda, nəzərə alınmalıdır ki, dinlər və mədəniyyətlərarası dialoqa nail olmaq üçün bu sahədə nümunəvi ölkələrin tarixi təcrübəsinin beynəlxalq təşkilatlar səviyyəsində öyrənilməsi və təbliğ edilməsi zəruridir. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycanın zəngin təcrübəsinin yayılması ideyası təkcə azərbaycanlıların yox, həm də beynəlxalq təşkilatların nümayəndələrinin, diplomatların və nüfuzlu din xadimlərinin ümumi təşəbbüsüdür. Bakıda katolik kilsəsinin açılışında iştirak etmiş Vatikanın dövlət katibi Tarçizio Bertoninin “Azərbaycan Avropaya təkcə neft, qaz yox, həm də tolerantlıq ixrac etməlidir” fikri bunun bariz nümunəsidir. Və yaxud ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun keçmiş rəhbəri Jerar Ştutdmanın Azərbaycanın tarixi təcrübəsinə münasibəti bizim üçün qürurverici faktdır. O, deyir ki, “Azərbaycanda dini dözümlülük heç də yeni konsepsiya deyildir. Bu ölkə yüz illər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşamasına, dözümlülüyə bariz nümunə ola bilər. Biz onu ümumi mədəni irsimizə münasibətdə nümunə göstərə bilərik”.
Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, Azərbaycanda dinin təhdid faktoru kimi siyasi iradəyə qarşı qoyulması yalnız xanım Kosmanın təxəyyülünün məhsuludur.
Katrin Kosmanın orakulluq edərək təhdid dolu mesajlar verməsi onun müsahibəsinin əsl mahiyyətini ortaya qoyur. Onun iddialarına görə dini azadlıqlara tətbiq olunmuş məhdudiyyətlər guya Azərbaycanda şiələrin və sünnilərin bəzi nümayəndələrinin ekstremist fəaliyyətlərinə yol aça bilər. Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən radikal dini qruplaşmaların arxasında böyük güclərin dayanması ən müxtəlif səviyyələrdə səsləndirilməkdədir. Xanım Kosmanın bu cür analitik sayıqlamaları ya hansısa qüvvələrə Azərbaycanı hədəf kimi göstərmək, ya da bədbin gələcəyin təşkilatçıları rolunu üzərlərinə götürməklə kimlərəsə hədə-qorxu gəlmək məqsədi daşıyır. Lakin xanım Kosman və onun mənsub olduğu BDAK başa düşməlidir ki, Azərbaycanda müxtəlif dinlərin və məzhəblərin anlaşma şəraitində birgəyaşayışı zamanın sınağından çıxmışdır. 
 
Nicat Məmmədli
Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin Xarici əlaqələr, nəşriyyat
və redaksiya şöbəsinin müdiri