08.01.2018
Nic qəsəbəsində Milad bayramı qeyd edilib
Yanvarın 7-də Qəbələ rayon Nic qəsəbəsi “Çotari” kilsəsində İsa Məsihinin mövludu günü – Milad bayramı qeyd edilib.
Bayram mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, icma üzvləri, qəsəbə sakinləri, yerli və xarici media nümayəndələri iştirak ediblər.
Tədbirdə Alban-Udi dini icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Milad bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin onlara olan diqqət və qayğısından danışıblar. Həmçinin, bayram münasibətilə təbriklər səsləndirilib.
Udilər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nicdəki “Çotari” alban kilsəsinin əsaslı şəkildə bərpasının tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Məlumat verilib ki, Nic qəsəbəsində üç kilsə və iki məscid var. Altı min nəfər əhalisi olan qəsəbədə 3700 udi yaşayır. Ümumilikdə isə ölkəmizdə 4000 nəfər udi yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.
Qeyd edilib ki, keçmiş sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunub. Ancaq ölkəmiz müstəqillik əldə etdikdən sonra onlar etnik xalq olaraq öz bayramlarını hər il qeyd edirlər. Bir sözlə, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir.
Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub, bayram süfrəsi açılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)