31.10.2017
Neftçalada "Şəhadət" filmi nümayiş olunub
Oktyabrın 31-də Neftçala Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi Neftçaladakı Heydər Əliyev Mərkəzində nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Neftçala Heydər Əliyev Mərkəzinin direktoru Ruhəngiz Nəcəfova, orta məktəb müəllimləri və şagirdlər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən mərkəzin direktoru Ruhəngiz Nəcəfova “Şəhadət” sənədli filminin əhəmiyyətindən danışaraq bildirib ki, film gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlıqlarına və xatirəsinə həsr olunub.
Daha sonra çıxış edən DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli bildirib ki, DQİDK-nın sifarişi ilə çəkilmiş bu film dini radikalizmə qarşı mübarizə istiqamətində çəkilmiş filmdir. Komitənin sifarişi ilə çəkilmiş “Fitnə”, “Vandalizm”, o cümlədən “Şəhadət” filmləri barədə məlumat verib. Eyni zamanda, Vətən, müstəqillik uğrunda canından keçmiş şəhidlərimizin hər bir gəncə örnək olduğunu bildirib.