26.05.2016
Neftçalada “Narkomaniya və ona qarşı mübarizədə üzərimizə düşən vəzifələr” mövzusunda seminar keçirilib
Mayın 26-da Neftçala Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Neftçala rayon 1 saylı məktəbdə “Narkomaniya və ona qarşı mübarizədə üzərimizə düşən vəzifələr" mövzusunda seminar keçirilib. Seminarda Neftçala Rayon İcra Hakimiyyətinin, rayon Təhsil, Mədəniyyət və turizm şöbələrinin əməkdaşları, Gənclər və İdman idarəsinin əməkdaşları,1 saylı məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli mövzu ilə bağlı çıxış edərək zərərli vasitələrə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin əhəmiyyətindən danışıb.
Neftçala Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, Neftçala rayon Böyük Oriyat məscidi dini icmasının axundu Müslim Qəhramanov çıxış edərək narkomaniyaya qarşı təbliğat işlərinin mütəmadi aparılmasının və bu sahədə beynəlxalq təcrübələrdən yararlanmağın vacibliyini vurğulayıblar.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.