24.08.2017
Neftçalada “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti” mövzusunda tədbir keçirilib
Avqustun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Neftçala şəhəri “Sahib Əzzaman” məscidi dini icmasi tərəfindən “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, Neftçala şəhəri “Sahib Əzzaman” məscidi dini icmasının sədri, QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov çıxışında tolerantlıq və dini dözümlülüyün Azərbaycan cəmiyyətinin tərkib hissəsi olduğunu bildirib, müxtəlif xalqların, etnik qrupların arasında olan mehribanlıq, qarşılıqlı hörmət və bərabərliyin bu gün də davam etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O,həmçinin ölkəmizdə mövcud olan bu mühitin digər ölkələr üçün nümunə olduğunu qeyd edib. Natiq vurğulayıb ki, belə maarifləndirici tədbirlər gənclərimizin vətənpərvərlik ruhuna müsbət mənada ciddi təsir edir.
Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev cari ildə cənab Prezident tərəfindən elan edilmiş ”İslam Həmrəyliyi İli” və bu il çərçivəsində bölgələrdə keçirilmiş maarifləndirici tədbirlərin önəmindən söhbət açıb. O, həmçinin bu gün dünyada din pərdəsi altında başqa məqsədlər üçün istifadə edən radikal qüvvələrin mövcud olduğunu və bu radikal qüvvələrin xüsusilə gəncləri öz sıralarına cəlb etməyə cəhd göstərdiklərini vurğulayıb.
Daha sonra Neftçala şəhəri “Sahib Əzzaman” məscidi dini icmasının sədri, QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib, müqəddəs Qurani-Kərimdən ayələr sitat gətirərək İslamda tolerantlığa və həmrəyliyə verilən əhəmiyyətdən danışıb.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.