04.08.2016
Neftçalada “Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri” adlı layihə çərçivəsində tədbir keçirilib
Avqustun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Neftçala rayonu “Sahib Əzzaman” məscidi dini icması tərəfindən “Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə, Neftçala Rayon İcra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, dini icma sədri və şəhər axundu Mirseymur Əliyev, dini icma üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhərin axundu, həmçinin dini icmanın sədri Mirseymur Əliyev layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, milli-mənəvi dəyərlərin təbliği istiqamətində də tədbirlər həyata keçirilir.
Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə keçirilən layihənin əhəmiyyətindən, dini ekstremizmin və radikalizmin multikultural cəmiyyətlər üçün fəsadlarından, təhlükələrindən danışıb. Dövlət başçısının maarifləndirmə işləri aparmaq üçün icmalara maliyyə vəsaiti ayırması ilə bağlı Sərəncamının icmaların gələcək fəaliyyətində aktivlik yaradacağına əminliyini bildirib. O, həmçinin multikultural dəyərlərdən, radikalizmin fəsadlarından, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində Dövlət Komitəsi tərəfindən görülən işlərdən danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.