Narkomaniyaya yox deyək
Aprelin 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda onlayn konfrans keçirilib. Tədbirdə təşkilatçı qurumların əməkdaşları və gənclər iştirak ediblər.
Konfransı giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov zərərli vasitələrə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin əhəmiyyətindən danışıb. Narkomaniyanın insan sağlamlığı, ailə, cəmiyyət və dövlət üçün təhlükəsinə də toxunan Səftər Rəhimov zərərli vərdişlərdən uzaq gənc nəsil yetişdirməyin dövlətimiz üçün prioritet vəzifə olduğunu deyib. Natiq Ümummilli Lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli fərmanı, Prezident cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Proqramı”nın mahiyyəti barəsində iştirakçılara ətraflı məlumat verib. Hər bir xalqın gələcəyə olan ümidlərinin gənclər olduğunu və buna görə də gənclərin vətənpərvər və sağlam yetişdirilməsinin ölkə üçün vacibliyini diqqətə çatdırıb.
Çıxış edən digər natiqlər də tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək mövzu barəsində fikirlərini bölüşüblər.
