Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.04.2017

Narkomaniyaya qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolu müzakirə olunub

Aprelin 25-də Binəqədi Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizədə milli-mənəvi dəyərlərimizin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.  
Yerli hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələrinin, müəllim və şagirdlərin, rayon fəallarının iştirakı ilə rayon Mədəniyyət evində keçirilən tədbiri giriş sözü ilə açan Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov tədbirin mahiyyəti və önəmi barədə məlumat verib. O, cəmiyyətimiz üçün xüsusi aktuallıq kəsb edən bu mövzu ilə bağlı fikirlərini bildirib, gənclərin bu sahədə maariflənməsi üçün görülən işlər, həyata keçirilən layihələrdən danışıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Samir Yoldaşov qeyd edib ki, narkomaniya və digər zərərli vərdişlər yalnız bir insanın fiziki və mənəvi xəstəliyi deyil, bütün cəmiyyətin problemidir.
Dövlət Təhlükəsizliyi Xidmətinin rayon idarəsinin məsul əməkdaşı Namiq Hüseynov və rayon polis idarəsinin Narkomaniya ilə mübarizə şöbəsinin rəisi Valeh Əliyev bəşəriyyətin ən böyük qorxusu olan narkomaniya ilə mübarizənin hüquqi-inzibati aspektlərindən danışıb, gənclər və yeniyetmələr arasında narkomaniyanın qarşısının alınması məqsədilə həyata keçirilən geniş və çoxşaxəli tədbirləri xüsusi vurğulayıblar.
Tədbirdə çıxış edən QMİ-nin Binəqədi rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahbala Əliməmmədov Quran ayələri və hədislərinə istinad edərək narkotik vasitələrin təbliği, istehsalı, satışı və istifadəsinin günah və haram əməl olduğunu ifadə edib, hər kəs üçün ən fundamental dəyər olan mənəviyyatın və cansağlığının qorunması üçün bu bəladan uzaq durmağın vacibliyini bildirib.
Qarabağ Müharibəsi Veteranları Təşkilatı rayon şöbəsinin sədri İlham Qayıbzadə çıxışında narkomaniya və zərərli vərdişlərlə bağlı problemləri daim ictimaiyyətin diqqətində və gənclərdən uzaq saxlamaq üçün bu cür tədbirlərin mütəmadi təşkil edilməsinin vacibliyini vurğulayıb.