Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.03.2021

“Narkomaniyaya qarşı mübarizə istiqamətində din xadimlərinin müxtəlif platformalarda söhbət və çıxışlarının təşkili” mövzusu müzakirə edilib

Martın 17-də DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Biləsuvar rayonunda fəaliyyət göstərən dini icma sədrləri və rəsmi din xadimləri ilə “Narkomaniyaya qarşı mübarizə istiqamətində din xadimlərinin müxtəlif platformalarda söhbət və çıxışlarının təşkili” mövzusunda videokonfrans keçirilib. Konfransı giriş sözü ilə açan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev  mövzu ilə bağlı məruzə ilə çıxış edərək, sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənc nəsildə narkomanlıq və digər zərərli vərdişlər haqqında düzgün təsəvvürlərin yaradılması, müasir və sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilməsinin vacibliyi barədə danışıb. Bu işdə din xadimlərinin üzərinə düşən məsuliyyətdən, onların da bu nəslin formalaşmasındakı rolundan bəhs edib. Natiq onu da bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

Tədbirdə çıxış edən din xadimləri  narkomaniyaya qarşı təbliğat işlərinin mütəmadi aparılmasının, həmçinin gənclərimizin narkotikdən və zərərli vərdişlərdən uzaqlaşdırılması üçün belə tədbirlərin önəmli olduğunu və bu sahədə müasir dünyada əldə edilmiş təcrübələrdən yararlanmağın vacibliyini qeyd ediblər.

Konfransın sonunda bu və ya digər məsələlərlə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.