Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.12.2020

“Narkomaniyanın mənəvi və fiziki zərərləri” mövzusu müzakirə edilib

Dekabrın 16-sı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyanın mənəvi və fiziki zərərləri” mövzusunda onlayn konfrans keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və əməkdaşları, Balakən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov,  YAP Balakən rayon təşkilatı Gənclər birliyinin sədri, rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, Balakən Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Tale Şahverdiyev, dini icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı narkomaniyanın cəmiyyətə və insan sağlamlığına ziyanı, fəsadları və sağlam həyat tərzinin təbliğinin vacibliyi barədə danışılaraq qeyd edilib ki, xalqımızın sosial problemlərini, əhalinin sağlamlığını, xüsusən gənclərin sağlam mühitdə böyümələrini diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərmanı, 1999-cu il 29 iyul tarixli “Narkotik vasitələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, bu fərman və qanunun icrası üçün Dövlət Komissiyasının yaradılması və sair ölkəmizdə bu bəlaya qarşı ciddi və ardıcıl mübarizə aparıldığını göstərir. Bildirilib ki,  strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə 2019-2024-cü illər üçün Dövlət Proqramı qəbul edilib. 

Onlayn konfrans zamanı, həmçinin narkomaniya ilə bağlı keçirilən maarifləndirmə tədbirləri, görülən profilaktiki işlər haqqında məlumat verilib, yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən tədbirlərdən danışılıb.