“Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusu müzakirə edilib
Mayın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon Təhsil Şöbəsi (RTŞ) və Balakən Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Balakən rayonunda “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” adlı onlayn seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev, Tərlan Nəzərov, Vüqar Məmmədov, Balakən RTŞ-nin aparıcı məsləhətçisi Sevinc İbadova, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri, Balakən Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, QMİ-nin Balakən rayonu üzrə qazısı İbrahim İbrahimov, rayon məktəblərinin psixoloqları, dini icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniyanın insan həyatında yaratdığı fiziki, mənəvi və sosial fəsadlar haqqında danışılaraq bildirilib ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcıdır, təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda, bütün cəmiyyət üçün böyük təhlükədir. Qeyd edilib ki, dövlətin gələcəyi, sağlam gəncliyi naminə narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin və hər bir şəxsin fərdi fəaliyyətinə, əməli köməyinə böyük ehtiyac vardır. Narkomaniyaya qarşı dövlət səviyyəsində aparılan mübarizə tədbirlərindən də bəhs edilib.
Yekunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
