Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.12.2020

“Narkomaniyanın fərdi və ictimai fəsadları” mövzusunda onlayn konfrans keçirilib

Dekabrın 17-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyanın fərdi və ictimai fəsadları” mövzusunda onlayn konfrans keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və əməkdaşları, QMİ-nin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov,  Qax   rayon Gənclər və İdman idarəsinin müdir müavini, YAP Qax rayon təşkilatı Gənclər birliyinin sədri Elvin Həsilov, Qax rayon C.Cabbarlı adına Mərkəzi kitabxananın müdiri Güllü Əhmədova, Qax rayon Gənclərin Karyera Mərkəzinin rəhbəri Elmir Həşimli, Qax rayonunda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı narkomaniyanın tarixindən, fərdi və ictimai fəsadlarından, insan sağlamlığına ziyanı, sağlam həyat tərzinin təbliğinin vacibliyi barədə danışılaraq qeyd edilib ki, dövlət tərəfindən cəmiyyətimizi  bu bəladan qorumaq üçün Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərmanı, 1999-cu il 29 iyul tarixli “Narkotik vasitələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, bu fərman və qanunun icrası üçün Dövlət Komissiyasının yaradılması kimi mühim addımlar atılıb. Bildirilib ki,  bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə 2019-2024-cü illər üçün Dövlət Proqramı qəbul edilib.

Onlayn konfransda narkomaniya ilə bağlı keçirilən maarifləndirmə tədbirləri, görülən profilaktik işlər haqqında məlumat verilib, yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən tədbirlərdən danışılıb.