Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.12.2017

“Narkomaniya və dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Dekabrın 14-də Abşeron Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi, Abşeron Rayon Polis İdarəsi, rayon təhsil və səhiyyə şöbələrinin təşkilatçılığı ilə “Narkomaniya və dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.   
Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində baş tutan tədbirdə DQİDK, rayon icra hakimiyyəti, rayon polis idarəsi, təhsil və səhiyyə şöbələrinin rəsmi nümayəndələri və kollecin müəllim-tələbə heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Rüxsarə Əliyeva həm narkomaniyanın, həm də zərərli dini cərəyanların cəmiyyətimizə gətirdiyi bəlalardan, gəncliyimiz üçün yaratdığı təhlükələrdən bəhs edib. Bunun qarşısının alınması üçün belə tədbirlərin əhəmiyyətindən söz açıb və onların mütəmadi keçirilməsinin vacib olduğunu qeyd edib.
Mövzunu davam etdirən rayon polis idarəsinin əməkdaşı Elbrus Əhmədov narkomaniyanın zərərləri və gənclərin narkomaniyaya qurşanma halları, narkomaniya ilə bağlı statistik məlumatları dinləyicilərin diqqətinə çatdırıb, gənclərimizin narkomaniyadan uzaqlaşdırılması üçün görülən tədbirlərdən söz açıb. Yaşadığımız dövrdə ümumbəşəri bəlaya çevrilmiş narkomaniyanın cəmiyyətdə və insanın şəxsi həyatında törədə biləcəkləri neqativ hallardan danışan E.Əhmədov bu bəla ilə mübarizə yolları haqqında geniş məlumat verib.
Rayon icra hakimiyyətinin məsul işçisi Hafiz Mikayılov təmsil etdiyi qurumun bu sahədə gördüyü işlərdən bəhs edib. O, gənclərə öz tövsiyələrini verib, rayon rəhbərliyinin məsələyə çox həssas yanaşdığını bildirib.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahlar Məmmədov qeyri-ənənəvi dini təriqətlər və dini radikalizmin fəsadlarından danışıb, Dövlət Komitəsinin fəaliyyət istiqamətləri və gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Hər bir şəxsin doğulub yetişdiyi torpağa borclu olduğunu qeyd edən natiq milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında məhz gənclərimizin üzərinə böyük işlərin düşdüyünü onların diqqətinə çatdırıb.
Sonda kollec tələbələrinin mövzu ilə bağlı təşkil etdiyi səhnəcik nümayiş etdirilib.