“Narkomaniya – ümumbəşəri bəla” adlı onlayn tədbir keçirilib
İyunun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Şabran Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya – ümumbəşəri bəla” adlı onlayn tədbir keçirilib.
Tədbirdə təşkilatçı qurumların əməkdaşları və rayonun gəncləri iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin məsləhətçisi Mehman Məmmədov çıxış edərək bildirib ki, narkomaniya təkcə bir xalqın, bir millətin deyil, ümumbəşəri bəladır. Əsasən gəncləri öz təsiri altına salan narkomaniya hər il minlərlə insanın həyatına son qoyur. Narkomaniya insana fiziki və mənəvi zərbə vurmaqla yanaşı, onu cəmiyyətdən təcrid edir, əksər hallarda ailə və yaxın qohumları belə narkotik vasitələrə aludə olmuş insandan uzaqlaşırlar. Dini nöqteyi-nəzərdən də bu məsələyə yanaşdıqda narkomaniya insan bədəninə, onun sağlamlığına ziyan vurduğundan haram hesab olunur. Təkcə İslam dini deyil, digər səmavi dinlər də insan sağlamlığına, onun ruh halına mənfi təsir edən istənilən qida və əşyanın istifadəsini lazımsız hesab edir. Azərbaycan dövləti narkomaniya ilə mübarizə üçün dövlət proqramları, layihələr və maarifləndirmə sahəsində çox saylı tədbirlər təşkil edir.
Çıxış edən digər tədbir iştirakçıları da narkomaniyanın böyük bir bəla olduğunu bildiriblər. Qeyd olunub ki, narkomaniya ilə mübarizənin əsas yollarından biri gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, idman oyunlarının, turistik gəzintilərin ön plana çıxarılmasıdır.

